23 Fevral 2019 15:36
369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli-mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransı giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu bildirib. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm vasitədir.

Rektor vurğulayıb ki, 30 sentyabr 2002-ci il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm hadisə olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Millət vəkili, akademik Nizami Cəfərov çıxışında Ana dilinə sevgini körpə yaşlarından aşılamağın önəminə toxunub. O bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. N.Cəfərov Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin olduğunu vurğulayıb. Bu gün də Azərbaycan Dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını bildirib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli bildirib ki, hər bir insan öz Ana dilini yaxşı bilməli və onu qorumalıdır. Bu məqam millətin millət olaraq təsdiqidir. Dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.

Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva Azərbaycan dilinin ölkəmizdə yaşayan digər xalqları birləşdirdiyini, onların öz ana dillərində azad danışmalarına heç bir maneə törətmədiyini söyləyib.

Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, Dövlət Dil komissiyasının üzvü, professor Adil Babayev dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, Ana dilinin saflığını qorumağın, ədəbi dil normalarının gözlənilməsinə nəzarət etməyin, həmçinin dili yad ünsürlərdən təmizləməyin hər bir Azərbaycan vətəndaşının borcu olduğunu nəzərə çatdırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər