23 Fevral 2019 15:57
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt ərazisində yerləşən təhsil müəssisələrində polis əməkdaşlarının iştirak ilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, növbəti tədbir fevralın 22-də 4 saylı peşə məktəbində Bakı şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsinin birgə təşkilatçılğı ilə “Gənclər narkomaniyaya yox deyir” adı altında baş tutub.

Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Şirəli Babayev, Nizami rayon Polis İdarəsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və rayon icra hakimiyyətinin nümayəndəsi Bəhmən Hüseynov məktəblilər qarşısında çıxış ediblər.

Çıxış edənlər yetkinlik yaşına çatmayanların narkomaniya və digər zərərli vərdişlərdən qorunması yolları haqqında şagirdlərə geniş məlumat verərək, onları bütün hüquq pozuntularından uzaq durmağa, ölkənin gələcəyi və sağlam cəmiyyət naminə narkotik vasitələrə qarşı mübarizədə iştirak etməyə səsləyiblər.

Qeyd olunub ki, əsasən gəncləri hədəf alan narkomaniya sağlam gəncliyin formalaşmasını ciddi risk qarşısında qoyur.

Bu təhdidlərə qarşı bütün cəmiyyət, o cümlədən gənclər, yeniyetmələr ayıq-sayıq olmalı, maarifləndirici tədbirlərdə və anti-narkotik təbliğatının həmyaşıdları arasında yayılmasında fəal iştirak etməlidirlər.

Təhsil müəssisələrində polisin apardığı profilaktik söhbətlərin əhəmiyyətindən danışan məktəb direktoru Samir Allahverdiyev şagirdlərin qanun keşikçiləri tərəfindən zərərli vərdişlər və narkomaniya haqqında məlumat almalarının ümumi təlim-tərbiyə işinə müsbət təsir etdiyini deyib.

Sonda mövzu ilə bağlı video-çarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər