26 Fevral 2019 09:01
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirənin nəticələrini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edəcək.

Bunu Teleqraf.com-a açıqlamasında “Cümhuriyət” qəzetinin baş redaktoru və “Cebhe.info” saytının baş direktoru Rafael Becanov bildirib.

O qeyd edib ki, müşavirədə olduqca vacib məsələlərdən bəhs edilib:

“Bunlardan biri problemli kreditlər məsələsidir. Biz bilirdik ki, problemli kredit portfeli ildən-ilə şişir, aydan-aya böyüyür. İnsanların devalvasiyadan sonra bu kreditləri ödəmək imkanları məhdudlaşıb. Uzun müddət bu məsələ cəmiyyətə müzakirə olundu. Dəfələrlə Milli Məclisdə qaldırıldı. Hamının bir ümidi var idi ki, məsələ müsbət həllini tapacaq.

Prezidentin müşavirədə problemli kreditlər məsələsinə xüsusi diqqət ayırması, yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələnin də öz həllini tapacağını deməsi, müvafiq göstəriş verməsi insanların həyatına müsbət təsir edəcək. Bu, yalnız təqdir olunmalıdır”.

R.Becanov əlavə edib ki, bundan əlavə, dövlət başçısının imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam da müsbət addımdır:

“Sosial müavinətin məbləğinin yaşa, əlilliyə görə artırılması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması, o cümlədən ailə bacısını itirməyə, uşağın anadan olmasına görə, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması, digər bir neçə kateqoriya üzrə xüsusilə vacib məqamların sərəncamda öz əksini tapması əhalinin ürəyincədir.

Xüsusi vurğulanmalı məqamlardan biri ondan ibarətdir ki, müharibə əlillərinə Azərbaycan Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılıb.

Həmçinin, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Azərbaycan Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılır. Bu məqamların hamısının diqqətdə saxlanılması, müavinətlərin artırılması əhalinin sosial problemlərinin həlli istiqamətində atılmış addımlardır.

Hesab edirəm ki, insanlarımız da bunu müsbət qiymətləndirəcəklər. Çünki onların həyat şəraitinin yaxşılaşmasına bilavasitə təsir edən məsələdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər