Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin yaradılması məqsədilə memorandumun imzalanması mərasimi keçirilib.
Teleqraf.com-a bu barədə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, Şəbəkəsinin təşəbbüs qrupunun üzvü Ramil İskəndərli məlumat verib.
O, bildirib ki, “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin təşəbbüs qrupunun yaradılması ideyası bu il yanvarın 31-də, “Araşdırmalar mərkəzləri niyə vacibidir? (Why Think Tanks Matter)” mövzusunda vətəndaş cəmiyyəti təsisatları üçün təşkil olunan tədbirdə təklif olaraq səsləndirilib və bəyənilib.
O deyib ki, şəbəkənin əsas məqsədi Azərbaycanda ictimai-siyasi münasibətlərin müxtəlif sahələri üzrə təhlil və tədqiqat işləri vasitəsilə dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti təşkilatlarının və mütəxəssislərin potensialının səfərbər edilməsi ilə dəstək göstərməkdir.
Tədbirdə çıxış edən təşəbbüs qrupunun üzvü, tədqiqatçı ekspert İsmayıl Kərimov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru, təşəbbüs qrupunun üzvü Fəxrəddin Həsənzadə, Humanitar Tədqiqatlar Mərkəzinin direktoru, təşəbbüs qrupunun üzvü Əvəz Həsənov, hüquqşünas, Təşəbbüs qrupunun üzvü Elmari Məmişov, tarixçi-alim, Təşəbbüs qrupunun üzvü Sübhan Talıblı, Ümidli Gələcək Gənclər Təşkilatının direktoru, təşəbbüs qrupunun üzvü Kəmalə Aşımova, hərbi-siyasi analitik, təşəbbüs qrupunun üzvü Ramil Məmmədov şəbəkənin fəaliyyəti haqda məlumat veriblər.
Daha sonar ”Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin yaradılmasına dair memorandum imzalanıb. Memorandumu 10-dan artıq bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti üzvləri imzalayıb.
Memoranduma əsasən, şəbəkə hüquq, müdafiə və təhlükəsizlik, iqtisadi, təhsil, enerji, ətraf mühit, xarici siyasət və beynəlxalq əlaqələr, səhiyyə, elm və texnologiya, sosial, media, şəffaflıq və idarəetmə, humanitar, gənclər, qida və su təhlükəsizliyi, turizm, münaqişələrin həlli ilə bağlı vəziyyətin təhlili, lobbiçilik və diaspora, tarixi araşdırmalar və milli dövlətçilik siyasəti istiqamətlərinə dair analitik materiallarla fəaliyyətini quracaq.