28 Fevral 2019 15:42
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan işğal edilmiş Dağlıq Qarabağdakı qondarma rejimin də daxil olduğu yeni formatın qurulmasına çalışır”.

Bunu Teleqraf.com-a politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakında maraqlı olduğunu bir neçə dəfə açıqlayıb:

“20 il əvvəl bu məsələ gündəmdə olmuşdu. Azərbaycan onda bildirmişdi ki, belə olacağı halda Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlar prosesinə qatılmalıdır. Lakin tərəflər arasında bununla bağlı fikir ayrılığı olmuşdu. Buna görə də Azərbaycan və Ermənistan rəhbərlikləri ikitərəfli danışıqların aparılmasını razılaşdırdılar.

İndi yenə də Paşinyan bu qondarma rejimin təmsilçilərini danışıqlar prosesinə qoşmaq niyyətindədir. Əlbəttə, bu, Azərbaycan üçün qəbuledilməzdir. Hazırda digər variantlar müzakirə olunur. Əgər Ermənistan Qarabağın erməni icmasının danışıqlarda iştirakını istəyirsə, o zaman azərbaycanlı icmasının da danışıqlarda iştirakına etiraz etməməlidir. İndi bu məsələnin ətrafında danışıqlar gedir. Amma Ermənistan yenə də azərbaycanlı icmasının danışıqlarda yer almasını istəmir”.

İlqar Vəlizadə hesab edir ki, Ermənistan Azərbaycan tərəfindən qəbul edilməyən təkliflərində təkid etsə, münaqişə zonasında vəziyyət gərginləşə bilər:

“Bu halda birmənalı olaraq gərginlik artacaq. Müharibədən danışmaq istəmirəm, amma aprel döyüşlərinin təkrarlanması qaçılmaz olacaq”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud formatın dəyişdirilməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirib.

O, bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək istədiyini də bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər