Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.
Teleqraf.com-un xəbərinə görə, GAK sədri Hüseyn Yusubov Azərtac-a bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.
Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.
Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi.