4 Mart 2019 14:38
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə günün tələbləri və bu sahədəki problemlər səsləndirildi. Bu görüş yüksək dəyərləndirilməlidir. Ölkə başçısı çıxışlara yerindəcə reaksiya verdi və Azərbaycan kinematoqrafiyasının inkişafına dair sərəncam imzaladı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Onun sözlərinə görə, hər bir xalqın mədəniyyət və incəsənəti onun nəfəs borusuna bənzəyir, ən yaxşı nümunələri xalqa, xalqın milli dəyərlərini isə inkişaf etdirərək dünyaya çatdırır:

“Cənab prezident bir daha göstərdi ki, incəsənətin, mədəniyyətimizin qorunması və inkişaf etdirilməsində əlindən gələni əsirgəməyəcək. Dövlət sifarişi ilə film istehsalı və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə maliyyə vəsaitinin ayrılması mühüm addımdır”.

Müşfiq Hətəmovun fikrincə, bu gün Azərbaycan kinosu ilə bağlı islahat paketi çox önəmlidir: “Yaxın müddətdə Mədəniyyət Nazirliyi ilə birlikdə bunu təqdim edəcəyik. Müasir dövrün tələblərinə uyğun olaraq istehsal sisteminin qurulması, beynəlxalq kinoya inteqrasiya üçün yeni tələblərin həyata keçirilməsi məqsədilə qanuni bazadan tutmuş milli mədəniyyət nümunələrinin informasiya sistemində öz əksini tapması kimi bir çox şərtlər nəzərdə tutulub”.

Müşfiq Hətəmov hesab edir ki, Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası ilə yanaşı audiovizual konsepsiyanın yaradılması da vacib məsələlərdən biridir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər