4 Mart 2019 15:46
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşdü. Görüşdə bəstəkarlar, rəssamlar, aktyorlar və mədəniyyətin digər sahələrini təmsil edən məşhur adamlarla yanaşı, yazıçıalr da iştirak edirdi.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev dövlət başçısı qarşısında bir sıra təkliflərlə çıxış etdi, ədəbiyyat adamlarını narahat edən bir sıra məsələləri qaldırdı.

Bəs yazıçı Anar görüşdə ədəbiyyat adamlarını onların istədiyi kimi təmsil edə bildimi? Onun çıxışı yazıçıları narahat edən əsas problemlərin gündəmə gətirilməsi və həll edilməsi baxımından nə qədər dolğun idi?

Teleqraf.com bu suallarla qələm adamlarına müraciət edib.

Həmin sorğunu təqdim edirik.

“Ədəbiyyatın ən ciddi məsələlərindən biri də…”

Ədəbi tənqidçi Əsəd Cahangirin sözlərinə görə, cənab prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə müvafiq sahələrin səlahiyyətli nümayəndələri prezidentimizə öz təkliflərini verdilər:

“Bunlar bir-birindən maraqlı təkliflərdir. Əlbəttə, bir söz adamı, qələm adamı olaraq məni ilk öncə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar müəllim təklifləri və çıxışı daha çox maraqlandırır. Anar müəllim çıxışında Şüvəlandakı Yaradıcılıq Evinin təmir edilməsi, Şabranda Yaradıcılıq Evinin tikilməsi, yazıçı və şairələrə mənzillərin verilməsi, illik təqaüdlərin verilməsi və sair kimi məsələləri qaldırdı.

Habelə prezidentlə ildə bir dəfə bu formatda görüşün keçirilməsi təklifini irəli sürdü. Bunların hamısı ədəbiyyatımızın inkişafına təkan verən, qələm adamların sosial problemlərinin həll edilməsinə imkan yaradan təkliflərdir.

Hesab edirəm ki, ədəbiyyatımızın ciddi məsələlərindən biri ədəbi-bəddi orqanların maliyyə mənbələrinin gücləndirilməsi ilə bağlıdır. Çünki həmin ədəbi-bədii orqanların maliyyə mənbələri qənaətbəxş olmayanda həmin qurumlarda çalışan yazıçılar, müəlliflər lazım olan maddi dəstəyi ala bilmirlər. Buna görə təklif edirəm ki, ədəbi-bədii qurumların maliyyə mənbələri gücləndirilsin.

Bundan başqa, ədəbiyyatda öz sözünü demiş yeni nəsil yazıçıların lazımi ictimai statusa malik olması problemi var. Bəzən elə istedadlı yazar olur ki, işi və ictimai statusu olmadığına görə onun sözü cəmiyyət tərəfindən qəbul edilmir. Buna görə də, belə yazarlar işlə təmin olunmalıdır ki, təkcə ədəbiyyat adamı kimi yox, həm də ictimai statusu olan insan kimi tanınsın”.

Əsəd Cahangir qeyd edib ki, son 20-30 ildə keçid dövrü ilə əlaqədar yazıçı və şairlərə mənzillərin və fəxri adların verilməsində fasilə yaranmışdı: “Jurnalistlərə tikilmiş binadan bir neçə yazarımız da mənzil aldı, indi də ədəbiyyat adamları üçün bina tikilməsi ilə bağlı göstəriş verildi. Bunlar hamısı müsbət hadisələrdir. Buna baxmayaraq, 1990-cı illərdə ədəbiyyata gəlmiş və yaşı 50-ni keçmiş yazarlarımızın fəxri adı yoxdur. Mənə elə gəlir ki, bu məsələlər də öz həllini tapmaq üzrədir. Buna görə də, yaşı yetən və buna haqqı çatan qələm adamlarına fəxri adların verilməsi yaxşı olardı.

Azərbaycan Yazıçılar Birliyinin poliklinikası var. Amma yazıçılar bu poliklinikadan ən yaxşı halda özlərinə diaqnoz qoydurmaq üçün istifadə edə bilirlər. Digər yandan da, yazarların aldıqları maaş müqabilində özlərini müalicə etdirmələri və öz səhətlərinin qeydinə qalmaları mümkün deyil.

Buna görə də düşünürəm ki, yazıçıların pulsuz, yaxud güzəştli qiymətlərlə müalicə olunduğu bir sağlamlıq müəssisinə ciddi ehtiyac var”.

Ədəbi tənqidçi qeyd edib ki, ən əsas məsələlərdən biri də yazıçılarımızn əsərlərinin xarici dillərə tərcümə olunması, dərci və xarici ölkələrə yaradıcılıq ezamiyyətlərinə göndərilməsi ilə bağlıdır: “Buna da şərait yaradılsa, yaxşı olar. Eyni zamanda, yazıçı və şairlərimizin ən azı ingilis dilini öyrənmələri üçün güzəştli şərtlərlə kursların açılması da yerinə düşərdi. Ədəbiyyat adamlarının əcnəbi dilləri öyrəmələrinə ciddi ehtiyacları var”.

“İnanıram ki, bu dəfə də...”

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan AYB sədrinin çıxışından razı qaldığını bildirib:

“Xalq yazıçısı Anarın prezidentlə görüşdəki çıxışında ədəbiyyat adamlarını məşğul edən problemlər dolğunluğu ilə öz əksini tapdı. Anar müəllim demək olar ki, bütün problemləri, əsasən də sosial problemləri qaldırdı. Yazarlara yaşayış mənzillərinin verilməsi məsələsinə də toxundu. Azərbaycan yazıçısı hər zaman dövlətin qayğısını hiss edib. Anar da hər zaman bu problemlərin həllində dövlətlə yazıçılar arasında bir əlaqə xətti olub. Bu dəfə də elə oldu.

Sonra Anar müəllim Bakıda Cəlil Məmmədquluzadəyə abidənin qoyulmasından danışdı. Anarın qaldırdığı məsələlərin hamısını təqdir edirəm. Cəlil Məmmədquluzadəyə heykəl qoyulması ilə bağlı təklifini də. Bu təkcə Anarın deyil, bütün Azərbaycan ədəbiyyatçılarının istəyidir.

Bilirsiniz ki, indi Azərbaycanda Əli bəy Hüseynzadə irsinə də böyük dövlət qayğısı var. Yubileyinin keçirilməsi ilə bağlı cənab prezident sərəncam verib. Əsərləri latın qrafikası ilə dövlət tərəfindən kütləvi tirajla nəşr olunub. Bu qayğının davamı kimi istərdim ki, Əli bəy Hüseynzadənin vaxtilə fəaliyyət göstərdiyi, yaxud yaşadığı binanın qarşısına da xatirə lövhəsi vurulsun. Bakıda Hüseynzadənin abidəsinin ucaldılması isə müstəqilliyimizin mənəvi rəmzlərindən biri olar. Bir də Məhəmməd Hadi ilə bağlı işlərin görülməsinə ehtiyac böyükdür. Hadi XX əsrdə Azərbaycanın yetişdirdiyi nadir və dünya miqyaslı şairdir. Bu il onun 140 illiyi tamam olur. Bütün əsərlərinin nəşr olunması, ya doğulduğu Şamaxıda, yaxud dünyasını dəyişdiyi Gəncədə onun adına məqbərə ucaldılması milli mənəviyyatımızın böyük qələbəsi olardı.

Bir daha Prezidentin mədəniyyət xadimləri ilə görüşünə qayıdıram. Fərəhli hadisədir. Ömrünü ədəbiyyata, mədəniyyətin inkişafına həsr etmiş insanların dövlət səviyyəsində dəstəklənməsinin işıqlı nümunəsidir. İnanıram ki, hər zaman olduğu kimi, bu dəfə də təklif olunan bütün məsələlər reallaşacaq. O cümlədən, Anar müəllimin təklif etdiyi məsələlər”.

“Həm istirahət edəcəklər, həm də...”

Yazıçı Elçin Hüseynbəyli də Anarın ədəbiyyat adamlarını narahat edən əsas məsələlərə toxunduğunu deyib:

“Mən həmişə gözləyirdim ki, cənab prezident mədəniyyət adamlarını, yaradıcı insanları qəbul edəcək. Çünki bizim də təkliflər və qayğılarımız var. Düşünürəm ki, həmin görüşdə Anar çox normal təkliflər irəli sürdü. Mən istərdim ki, kaş Anar müəllim bizim maaş məsələsinə də toxunaydı. Çünki on ildir ki, bizim maaşlar artmır. Yaxşı olardı ki, bu məsələ irəli sürülərdi.

Amma Anar müəllim nəyi lazım bilib, həmin təklifləri də irəli sürüb. Kifayət qədər dəyərli təkliflərdir. Şüvəlandakı Yaradıcılıq Evi təmir olunacaq və şərait yaradılacaq ki, yazıçılarımız orada həm istirahət etsin, həm də yaradıcılıqla məşğul olsunlar.

Şabranda da rəssamlar, yazıçılar və bəstəkarla üçün Yaradıcılıq Evi tikiləcək.

Düzdür, bununla bağlı bir neçə il əvvəl qərar verilmişdi, layihənin həyata keçirilməsi bir qədər gecikdi, amma bundan heç nə olmaz. Bu da kifayət qədər yaxşı təklif idi. Digər yandan, yazarlar üçün torpaq ayrılıb, burada yaşayış mənzilləri tikiləcək.

Başqa sözlə, normal təkliflər idi və hər şeyi də birdən həyata keçirmək də olmur. Zaman-zaman bizi narahat edən məsələlər öz həllini tapacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər