Martın 4-də Bakı Konqres Mərkəzində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirildi.
Teleqraf.com xəbər verir ki, tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi.
Nazir dedi ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Əbülfəs Qarayev Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Qeyd etdi ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Növbəti sessiyanın Azərbaycanda keçirilməsi seçki yolu ilə öz həllini tapıb. Həmçinin 42-ci sessiyada Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.
Nazir bildirdi ki, artıq Təşkilat komitəsinin ilk iclası keçirilib və bir sıra məsələlərə aydınlıq gətirilib: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli bir işdir. Bütün dünyanı əhatə edən komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsinə səs verməsi, sözsüz ki, ilk növbədə Azərbaycanın dünyadakı artan nüfuzundan xəbər verir. Qeyd etmək istəyirəm ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var və bütün dövlət orqanlarımız bu şərtlərlə tanış olublar. Şərtlərin həlli yolunda işlər görülüb və qarşıdakı zaman kəsiyində də lazımi işlərin həllinə nail olacağıq”.
Ümumdünya İrs Komitəsinin UNESCO-nun əhəmiyyətli qurumlarından olduğunu söyləyən nazir bildirdi ki, bu komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: “Bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq”.
Əbülfəs Qarayev Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında əsas iclasların Bakı Konqres Mərkəzində baş tutacağını və sessiyaların UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacağını diqqətə çatdırdı: “Sessiyada “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Qurumun 43-cü sessiyası təkcə mədəniyyətlə bağlı deyil. Burada bir çox sahələr öz əksini tapıb. Burada təbiət qoruqlarının siyahıya salınması da nəzərdə tutulub. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də bu nominasiyaların nəzərdə keçirilməsinə başlanılıb. Biz bu əməkdaşlığın gələcəkdə də həyata keçirilməsini düşünürük. Lakin bu komitənin bütün əlaqə şəbəkəsi Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də UNESCO-nun Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçirilir. Son vaxtlar bu üçlük çox səmərəli işləyir. Əminəm ki, bu əməkdaşlıq uğurla davam edəcək”.
Nazir qeyd etdi ki, tədbirdə dünyanın 180-dən artıq ölkəsindən nümayəndələr iştirak edəcək. Sessiya günlərində rəngarəng tədbirlər təşkil olunacaq.
UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Rosler Əməliyyat komitəsinin indiyə qədər keçirdiyi məhsuldar görüşlərə görə iştirakçılara minnətdarlığını bildirdi. O, görüşdə UNESCO Texniki komitəsinin üzvlərinin də iştirak etdiyini dedi. Vurğuladı ki, tədbir üç minədək nümayəndənin iştirakı gözlənilir.
UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlıq münasibətlərinin olduğunu söyləyən Metşild Rosler bu əhəmiyyətli tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirdi: “İclas zamanı əsas müzakirə olunan mövzulardan biri də UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni obyektlərin daxil edilməsi və bu istiqamətində aparılan işlər olacaq”.
Sonra 43-cü sessiya üçün hazırlanmış veb saytın təqdimatı oldu.
Tədbirdə Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək Təşkilat komitəsinin birinci iclasından sonra həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, tədbirin keçiriləcəyi yer – Bakı Konqres Mərkəzində bir neçə görüş təşkil edilib, həmçinin mərkəzin imkanları ilə tanışlıq olub.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının loqosu və veb saytı haqqında məlumat verən V.Eyvazzadə dedi ki, loqo Bakının müasirliyi və qədimliyini əks etdirən Qız qalası, Şirvanşahlar sarayı və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir.
Şöbə müdiri onu da vurğuladı ki, saytda iştirakçıların qeydiyyatı, yerləşməsi, ölkəmizin mədəniyyəti, tarixi abidələri haqqında ətraflı məlumat yer alıb. Sayt tam olaraq martın sonlarına kimi istifadəyə veriləcək. Tədbirin gedişi sayt vasitəsilə canlı yayımlanacaq.
Sonra iclas Təşkilat komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam etdi.