7 Mart 2019 15:48
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIX əsrin ikinci yarısından Azərbaycan ədəbiyyatında miqyası genişlənən maarifçilik işi XX əsrin əvvəllərinədək davam etdi. Xüsusən, dini xürafatın, batil inancların, cəhalətin, təhsilsizliyin yenilikçi düşüncə üzərinə qılınc qaldırdığı həmin dönəmlərdə ədəbiyyatın maarifçilik missiyası mədəniyyət və elmin inkişafına əhəmiyyətli təkan verdi. SSRİ və post-sovet dönəmində bu yöndə gedən proses fərqli istiqamət alsa da, ədəbiyyatda maarifçilik işinin davam etdirilməsinə ehtiyacın olduğunu müdafiə edənlər indi də az deyil. Hərçənd bunu əhəmiyyətsiz sayanlar da var.

Ədəbiyyat maarifçilik işini davam etdirməlidirmi? Müasir dövrümüzdə buna ehtiyac varmı?

Teleqraf.com bu suallarla ədəbiyyat adamlarına müraciət edib.

Sorğunu təqdim edirik:

“Hökmən davam etdirilməlidir”

Yazıçı Sabir Rüstəmxanlı: “Ədəbiyyatın əsas vəzifələrindən biri maarifçilik işi aparmaqdır. Maarifçilik ardı-arası kəsilməyən bir prosesdir. Cəmiyyət, insanlıq nə qədər var, maarifçilik və öyrənmək canatımı davam edəcək. Uzun illərin sovet rejimi, əlifba dəyişikliyi, yeni dönəmə keçid bizi öz kökümüzdən qoparıb. Buna görə də, yeni nəsil bəzən öz keçmişini yetəri qədər bilmir.

Bu səbəbdən özümüzlə yanaşı, dünyanı da tanımaq üçün maarifçilik prosesi davam etməlidir. Ənənələrimizi və xalq olaraq ideallarımızı dərk etmək, bunlar üçün mübarizə aparmaq naminə ədəbiyyat maarifçilik yolunda çalışmalıdır. Çünki bu məsələlərin heç biri maarifçilikdən kənarda deyil.

Azərbaycanda maarifçilik uzun ömür sürmədi. XVIII-XIX əsrlərdə başlamış maarifçilik prosesi XX əsrin əvvələrinədək – SSRİ-nin qurulmasına qədər davam etdi. Bundan sonra sovet maarifçiliyi başladı. Sonra ikinci dünya müharibəsi oldu, indi də üstümüzə gəlirlər...

Çox şeylə bağlı bizə səhv informasiyalar ötürülür. Belə olan halda maarifçilik qaçılmazdır”.

“Əlbəttə, çətin məsələdir”

Yazıçı Səfər Alışarlı: “Məncə, müasir ədəbiyyatın maarifçiliklə məşğul olmasına ehtiyac yoxdur. Çünki bu missiyanı indi müxtəlif rəsmi və qeyri-rəsmi təhsil müəssisələri, QHT-lər, xüsusilə sosial şəbəkələr uğurla yerinə yetirir. Ədəbiyyatın işi bununla yüngülləşmir, əksinə daha da ağırlaşır.

O baxımdan ki, cəmiyyətə şifahi və yazılı şəkildə atılan informasiyanın bolluğu oxucunun kütləviliyini ədəbiyyatın ziyanına dəyişir. Deməli, ədəbiyyat intellektual və ekspressiv cəhətdən o qədər maraqlı, o qədər qeyri-adi, riyasız və tarazlı olmalıdır ki, necəsə özünə oxucu tapsın, hətta onun kütləviliyinə də nail olsun. Əlbəttə, çətin məsələdir.

Bütün bu xaotik informasiya axınının içərisində ədəbiyyatın bir üstün cəhəti var ki, o, insanların beyni ilə yanaşı, həm də ürəyinə istiqamətlidir. Beyin və ürəklərin hamısı eyni tutumda və eyni inkişaf səviyyəsində olsaydı, bəşəriyyətə az sayda yazıçı kifayət edərdi. Onlar müxtəlif olduğu üçün yazıçılar da müxtəlifdir”.

“Bu yük təkcə ədəbiyyatın üzərinə düşmür”

Yazıçı Fəxri Uğurlu: “Bu gün insanları maarifləndirən vasitələr çoxdur. Buna görə də, bu yük hazırda təkcə ədəbiyyatın çiyinlərinə düşmür. Maarifçi realizmin, maarifçi ədəbiyyatın konkret nəzəri-estetik platforması var. Bunu yüz illər qabaq Avropa filosofları hazırlayıb. Bunlar hamıya bəllidir və təkrarlamağa ehtiyac yoxdur. İndiki halda bəlkə də Azərbaycanda ədəbiyyatın maarifçilik missiyasına ehtiyac var. Çünki biz hələ ki maarifçilərin qaldırdığı problemlərlə üzülüşməmişik, həmin problemləri məğlub edə bilməmişik.

Ola bilsin, bu gün Fransa, Hollandiya, Danimarka kimi ölkələrdə maarifçi ədəbiyyata ehtiyac aradan qalxıb. Bizdə isə vəziyyət fərqlidir, yəni, mən realistik ədəbiyyat ənənəsinin davam etdirilməsinə normal baxıram.

Bir nüansı da qeyd edim. İndi maarifçilik işi daha çox jurnalistikanın, QHT-lərin, ictimai əsaslı qurumların boynuna düşür. Bu baxımdan ədəbiyyatın işi xeyli azalıb. Bununla belə, ədəbiyyata maarifçilik işini qadağan etmək olmaz”.

“Karikatura insanı əyri-üyrü çəkir deyə...”

Şair Aqşin Yenisey: “Ədəbiyyatın missiyası budur – həyatı doqmalaşmağa qoymamaq, onun canlılığını mühafizə etmək. Maarifçiliyə gəlincə, onun şəxslər üzərindən tənqidinə, “xalqı aşağılayıb” kimi burjua ədası ilə inkar olunmasına ancaq bizdə rast gəlmişəm. Bu, ona bəzəyir ki, karikatura insanı əyri-üyrü çəkir deyə, bir yaradıcılıq növü kimi biz ondan öz ölkəmizdə imtina edirik.

Maarifçilik haqqında tənqidi fikirlərin yaşı və coğrafiyası çox böyükdür. Ciddi Qərb intellektualları onun daha çox ağlı, zəkanı ilahiləşdirməsini, insanın hissi təcrübələrini rədd etməsini hədəfə alırlar. Məncə, maarifçiliyin tənqid olunası bir yönü varsa, o da budur – ağlı ilahiləşdirmək. Məsələn, biz ölüm, gələcək, azadlıq kimi gerçəklikləri öncə hiss edirik, hissi təcrübədən keçiririk, onların dərk olunması və məntiqi nəticələr çıxarılması sonrakı prosesdir.

Azadlığı dərk edə bilərsən, ancaq onu hiss etməsən, bir dəyəri qalmaz. Biz bu gün Qərb insanı ilə eyni məkanda (yəni eyni dünyada) yaşaya bilərik, bu, o demək deyil ki, biz həm də eyni zamanda yaşayırıq.

Maarifçilik hərəkatının ən böyük hədəflərindən biri insan azadlıqları idi. Rusiya, Türkiyə, Azərbaycan kimi “sonradangörən” ölkələrdə maarifçilik bu məqsədinə çatmadı. Rusiya və Azərbaycanda proletar, Türkiyədə isə dini burjua buna imkan vermədi. Ona görə də bu gün bu ölkələrdə demokratiyanın özü belə təhlükə kimi görünür.

Gözümüzün önündə Türkiyə demokratik yolla geri gedir. Bu, maarifçiliyin inkarının nəticəsidir. Bəlkə də, bu gün Azərbaycan ədəbiyyatı maarifçiliyin klassik formasından imtina edə bilər, yəni Şeyx Nəsrullahın qarşısına Kefli İsgəndəri deyil, “Slikon vadisi”ndə süni zəka yaradan azərbaycanlı bir mühəndisi çıxara bilər, ancaq maarifçilikdən bütünlüklə imtina milli fəlakətimizə səbəb ola bilər. Heç nə də olmasa, informasiya jurnalistikası qısa müddət ərzində bizi qeyrəti at quyruğu qayçılamaqla ölçdüyümüz günlərə götürər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər