9 Mart 2019 13:26
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızının “Azərbaycan-qumuq folklor əlaqələri” monoqrafiyası Azərbaycan folklorşünaslığının prioritet sayılan istiqamətlərindən birinin elmi baxımdan reallaşdırılmasına xidmət edir. Azərbaycanlılarla Şimali Qafqaz xalqlarının, xüsusən də Şimali Qafqazın türk mənşəli xalqlarının folklor əlaqələri folklorşünaslığımızda, demək olar ki, indiyədək öyrənilməyib.

AMEA-nın Folklor İnstitutundan Teleqraf.com-a bildirilib ki, “Azərbaycan-qumuq folklor əlaqələri” monoqrafiyası həmin boşluğu doldurmaq istiqamətində mühüm addımlardan biridir. Azərbaycanlılarla qumuqları təkcə ərazi (Qafqaz) və etnik (türk) köklər deyil, həm də tam eyni antropoloji xüsusiyyətlər və dini mənsubiyyət birləşdirir. Bu da iki xalqın folklor əlaqələrinin öyrənilməsini daha maraqlı və zəruri edir.

Kitabın “Giriş”ində qumuqlar haqqında ümumi məlumat verilib, yerləşmə arealından və əhalinin demoqrafik vəziyyətindən bəhs edilib. Birinci fəsildə Azərbaycan-qumuq əlaqələri, həmçinin qumuq-rus, qumuq-Avropa folklor əlaqələri mövzusuna toxunulub. Bununla yanaşı, eyni coğrafi ərazidə yaşayan iki xalq arasında tarixi qonşuluq əlaqələrinin Sovet İttifaqı qurulduqdan sonra bir-birindən ayrılması və uzaq düşməsi üçün aparılan siyasətdən bəhs olunub. Habelə arxivlərdə saxlanılan bəzi sənədlər əsasında iki xalq arasında mədəni və siyasi-iqtisadi əlaqələrin tarixi kökləri haqqında məlumat verilib.

İkinci fəsildə qumuq folklorunun toplanıb araşdırılması tarixinə qısa nəzər salınıb, eləcə də qumuq folklorunun Avropa alimləri tərəfindən öyrənilməsi araşdırılıb.

“Qumuq folklorunda lirik mətnlərin özünəməxsusluğu: sarınlar və yırlar” adlı üçüncü fəsildə, adından göründüyü kimi, iki janrdan söhbət açılıb. Sarınların poetik, ritm və vəzn xüsusiyyətləri, haxışta və toqmaklar, ağılar və vayaklar tədqiq olunub. Həmçinin qumuq yırlarının bölgüsü, igidlik yırları, yırlarda köpək mövzusu, qadın motivi, tarixi qəhrəmanlıq yırları təhlil edilib. Qumuq folklorunun spesifik janrları olan sarınlar və yırlar həm məzmunca, həm də sayca digər janrlardan üstündür.

“Qumuq mərasimləri və onlarla bağlı yaranan janrlar” adlı dördüncü fəsildə isə mövsüm və mərasim nəğmələrinin qumuq folkloru üçün əhəmiyyətindən danışılır. Mövsüm mərasimi kimi Zəmirə, Güdürbay, Novruz mərasimləri haqqında məlumat verilir. Ailə-məişət nəğmələrindən qumuqların toy mərasimləri Azərbaycan folklorundakı qarşılığı ilə müqayisəli şəkildə təhlil olunur. Qumuqların yas mərasimi haqqında qısa araşdırma aparılıb, orada şamanizmin izlərinə rast gəlindiyi göstərilib. Xalq mahnıları, sazın qumuq folklorundakı ekvivalenti aqaç-komuz, ovsun, tapmacalar haqqında da oxucular bu fəsildə qısa məlumat ala bilərlər.

Kitabın V fəsli “Qumuq epik mətnlərinin səciyyəvi xüsusiyyətləri” adlanır. Burada mifoloji mətn və obrazların qumuq folklorundakı izləri araşdırılıb. Həmçinin Dəli Domrul və Javat obrazları Bilqamış ilə birlikdə təhlil olunub. Türk mifologiyasında əyə anlayışı, ölüm əyəsinə münasibət, buynuzlu heyvanlara münasibət mövzularını da oxucular bu fəsildə tapa bilərlər. Həmçinin qumuq nağılları: süjet, motiv və obrazlar sistemi, lətifələr, onların əsas qəhrəmanları, atalar sözü və deyimlər haqqında qısa məlumat son fəsildə yer alıb.

Kitabda istifadə edilən bütün mətnlər orijinal qumuqcadır. Rus dilinə tərcümə edilmiş mətnlərdən istifadə olunmayıb. Çünki qumuq və Azərbaycan dilləri daha yaxındır və mətnlərin mənası da daha dolğun anlaşılır.

Nəşrin elmi redaktorları və “Ön söz”ün müəllifləri Əli Şamil və filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər