“Avqustun əvvəlində cəbhədə baş verən gərginlik zamanı mediada, həqiqətən də, çoxlu dezinformasiyalar gedirdi, bu sahədə əsl xaos hökm sürürdü. Açığı mənə təəccüblü gəlirdi ki, nə əcəb məsələlərə aidiyyatı qurumlar, hökumət səviyyəsində münasibət bildirilmir. Müşavirədə tam şəkildə aydın oldu ki, əslində bunlar çox ciddi şəkildə izlənilirmiş və ciddi narahatlıq doğurub”.
Bunu Teleqraf.com-a açıqlamasında “Aznews.az” saytının rəhbəri Elçin Zahiroğlu avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. O, deyib ki, toplantının əsas məqsədi ölkənin informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır. Administrasiyanın rəhbəri bildirib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi KİV-lərin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib.
Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib.
O, xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır.
Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev deyib: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, saxta IP-lərin və süni IP yarışmasının qarşısı alınacaq.
E.Zahiroğlu deyib ki, müşavirədə bütün bunlar irad şəklində söylənilib: “Müşavirədə KİV rəhbərləri ilə yanaşı, həm də mətbuat xidmətlərinin rəhbərlərinin olması göstərdi ki, bu, təkcə baş redaktorlardan, mətbuatdan asılı deyil, burada həm də mətbuat xidmətlərinin məsuliyyəti var. Ona görə də hesab edirəm ki, bu məsələlər tam tənzimlənəcək. Yəni, bu xaos baş redaktorların məsuliyyətsizliyi, saytların bu məsələyə sırf oxucu cəlb etmək prizmasından yanaşmasından, sensasiya yaratmaq mərəzindən irəli gəlib. Biz bu məsələləri müzakirə edəndə çox vaxt media orqanları deyirlər ki, xəbəri mətbuat xidmətləri ilə dəqiqləşdirmək mümkün olmadığı üçün xəbərləri vermişik. Yəqin ki, bu müşavirədən sonra mətbuat xidmətləri, xüsusilə Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələyə ciddi yanaşacaq”.
E.Zahiroğlu deyib ki, o, mətbuat xidmətlərinin işindən narazıdır: “Əlbəttə, onlar bizim suallarımızı operativ şəkildə cavablandırmır. Amma bu, heç kimə əsas vermir ki, dəqiq olmayan informasiyanı cəmiyyətə çatdırsın. Xüsusən müdafiə məsələləri ilə bağlı mediada konkret ünvanların göstərilməsi, hərbi sirr sayıla biləcək məlumatların mətbuata ötürülməsi çox ciddi səhvdir, həm də çox təhlükəli məsələdir. Artıq müşavirədən bir neçə gün keçib və mətbuatı izlədikdə hiss edirsən ki, müşavirənin çox ciddi təsirləri hiss olunmaqdadır. Müşavirədə başqa məsələlər də qaldırıldı, ancaq bu müşavirə sırf baş redaktorların və mətbuat xidmətlərinin rəhbərlərinin iştirakı ilə keçirildiyi üçün mən bu barədə çox danışmaq istəmirəm. Amma qaldırılan bir məsələni – IP məsələsini qeyd etmək istəyirəm ki, ciddi elektron media bu problemi yaşayır. Məsələn, adam gündə neçə dəfə baxmalıdır ki, heç bir oxucusu olmayan hansısa sayt gəlib səni hansısa reytinq cədvəlində keçib, yoxsa keçməyib? Bu, həm adamın vaxtını, həm də enerjisini alan məsələdir. Amma biz bu məsələni bir ay əvvəl həll etmişik. Belə ki, biz saytdan bütün sayğacları götürmüşük. Sadəcə, özümüzün baxa biləcəyimiz sayğac var və reklam istəyən adamlara biz o sayğacı təqdim edirik. Əgər sən çalışmadığın, qazanmadığın bir nəticəni hardasa göstərmək istəyirsənsə, bu ümumiyyətlə biabırçılıqdır və ciddi adamlar bu işlə məşğul olmurlar”.
Səxavət