1 Sentyabr 2014 17:05
5 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçı Teyyub Qurban: “Xeyriyyəçilik Zeynalabdin Tağıyevin xislətində idi”

Bu gün məşhur azərbaycanlı milyonçu, mеsenat, müsəlman şərqində ilk qızlar məktəbinin yaradıcısı, Bakı Tacir Bankının bank şurasının sədri Hacı Zeynalabdin Tağıyevin anım günüdür.

1823-cü ilin 25 yanvarında kasıb başmaqçı ailəsində anadan olan Tağıyev 1924-cü il 1 sentyabrda 101 yaşında vəfat edib. Xeyriyyəçi əməllərinə görə vaxtilə millət atası adını alan Tağıyevin Mərdəkanda uyduğu qəbristanlığa hər il sentyabrın 1-də onun həmyerliləri toplaşır.

Şair, publisist, tədqiqatçı Teyyub Qurban da xeyriyyəçinin vəfatının 90 illiyi münasibətilə keçirilən toplantıda iştirak edib. Onun sözlərinə görə, toplantıya gələnlər Tağıyevin həyat və fəaliyyətini yad edib, onu dərin hörmətlə anıblar.

Zeynalabdinin anası Ümmü xanım onun 10 yaşı olanda vəfat edib. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi qoyub. 15 yaşından bənnalıq edən Zeynalabdin 20 yaşında artıq müəyyən qədər vəsait toplayaraq ev tikintisi və daşyonma işləri təşkil edib. Sonradan tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir.

1870-ci ildə Hacı Zeynalabdin Tağıyevin artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı, o, "Г. З. А. Тагиев" şirkəti də yaratmışdı.

Bütün müsəlman aləmində tanınmış milyonçu-neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər.

Tağıyev 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür, onun quyusu gözlənilmədən fontan vurur. Bununla da Zeynalabdin milyonçuya çevrilir. Üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir.

Hacı Zeynalabdin camaatın rahatlığı, onların dustaqlarının yanına gediş-gəlişini asanlaşdırmaq üçün Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyirmanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir.

1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbini tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində yerləşirdi.

Hacı Zeynalabdin iki dəfə evlənmişdi. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi.

Zeynəb xanımdan onun iki oğlu (İsmayıl, Sadıq), bir qızı (Xanım) olmuşdu. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Sona xanımdan Tağıyevin üç qızı- Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara, Sürəyya və iki oğlu - Məhəmməd və İlyas doğulmuşdu.

Rusiya imperiyası 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdən sonra yerli əhalinin xahişi, yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında vəfat edir. Hacı Zeynalabdin "Məni Axund Hacı Turabın ayağı altında basdırın, çünki onun ayağı bildiyini mənim başım bilmir" deyə vəsiyyət edib.

Teyyub Qurban bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ildə Qarabağda ermənilər qalxıb qiyam edən vaxt, ordu yaradılıb və bu ordunun bütün təminatını Tağıyev ödəyib: “Azərbaycan ordusunun başına Xosrov bəy Sultanov təyin edildi. Ordunun bütün təminatı Tağıyevin taxıl kombinatından, balıq vətəgələrindən, zavod, fabriklərindən toplanan vəsaitlərlə təmin olunurdu. Qara kürüdən tutmuş, ən keyfiyyətli çörəyə qədər , geyimə qədər Tağıyev ordunu təmin edirdi”.

İndiki dövrdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçinin yetişmədiyini təəssüflə bildirən tədqiqatçının sözlərinə görə, bunun üçün münasib mühit olmalıdır: “1989-cu ildə Ekologiya Komitəsinin sədri, mərhum Arif Mansurov Mərdəkanda Tağıyevə büst qoydurdu. Sovetlər dönəmində Tağıyev haqqında məqsədli şəkildə yanlış təsəvvür yaradılmışdı. Guya Tağıyev millətin atası olmaq iddiasında olub. Halbuki xeyirxah əməllərinə görə xalq ona həqiqətən millətin atası deyirdi. Çünki o, milyonları halal zəhməti ilə qazanmışdı və maliyyənin faydalı şəkildə idarə edilməsi onun xislətində idi.

Corab fabriki, taxıl kombinatı, bez fabrikindən gələn gəliri xeyriyyəçi kimi başqa istiqamətlərə yönəldirdi. Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. 1905-ci ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başlandı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı.

Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılırdı. İlk xeyriyyə təşkilatları olan Müsəlman Xeyriyyə Cəmiyyəti, "Nəşr və maarif", "Nicat" cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olub.

Azərbaycanın ziyalı təbəqəsinin yetişməsində Tağıyev misilsiz xidmətlər göstərib. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanovun onunla sıx əlaqəsi vardı. Onun vəsaiti hesabına “Fyuzat” jurnalı çıxırdı. Mirzə Ələkbər Sabiri Şamaxıdan Balaxanıya o gətirtmişdi və müəllimliyi üçün Sabirin maaşını Tağıyev verirdi. Neftdən gələn gəlir hesabına Balaxanı camaatı digərlərindən zəngin idi”.

Ziyalı hesab edir ki, Zeynalabdin Tağıyevin adını əbədiləşdirmək üçün Bakıda onun abidəsinin qoyulmasına ehtiyac var: “Tağıyev adına qəsəbə, kombinat var. Amma mən hesab edirəm ki, Tağıyev geniş öyrənilməli və xeyriyyəçi milyonçu kimi nümunə olaraq təbliğ olunmalıdır ki, belə xeyriyyəçilər bu gün də formalaşsın, yetişsin”.

Sevil Hilalqızı

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif: