13 Mart 2019 14:30
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, 1884-cü ildə Şamaxıda Mirzə Rəsul Şərifzadə və Fərruxbəyimin ailəsində doğulub. Qardaşı Abbasmirzə Şərifzadənin dünyaya gəlməsindən (1893) iki il sonra, 1895-ci ildə atası - müəllim Mirzə Rəsul ailəsi ilə birgə Bakıya köçüb.

Bakı mühitində yetişən Qulamrza bu dövrdə M.Rəsulzadənin silahdaşlarından Abbasqulu Kazımzadə ilə birlikdə naşirlik fəaliyyəti ilə məşğul olub. Onların birgə çap etdikləri kitabların, poçt açıqcalarının üzərində rus dilində Q.Şərifov və A.Kazımov yazılıb.

Q.Şərifzadə daha çox teatr xadimi kimi tanınıb, pyeslər yazıb, müxtəlif rolları ifa edib. Onun “Ənuşirəvani-Adil” pyesi teatr truppalarının maraq dairəsində olub. 1907-ci ildə “Nicat” Cəmiyyətinin səhnəyə qoyduğu Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” əsərinin tamaşasında Qulamrza Hüseynqulu Sarabski ilə birlikdə Cəfərqulu xan obrazını oynayıb.

Şərifzadə teatr üçün əsərlər də tərcümə edib. O, Hüseyn Bədrəddinin “Əmir Əbül Üla”, Məhəmməd Rüfətin “İbrahim bəy”, Məhəmməd Ehsanın “Cövdət bəy” əsərini teatr üçün çevirib. 1909-cu ildə “Nicat”ın yenidən formalaşdırılan böyük teatr dəstəsində Qulamrza da təmsil olunub. 1910-cu ildə onun “Molla Nəsrəddin” əsəri oynanılıb. 1910-cu ilin 30 noyabrında “Nicat” Cəmiyyəti Tağıyev teatrında aktyor Cahangir Zeynəlovun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə yubileyini qeyd edib. Yubiley gecəsində aktyoru bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə təbrik edib. Bu, Şərifzadənin həmin dövrdə olan nüfuzunun göstəricisidir.

Q.Şərifzadə ictimai-siyasi fəaliyyətlə də məşğul olub. I Dünya müharibəsi illərində Azərbaycandan Türkiyəyə qardaş yardımı edilərkən xüsusi fəallıq göstərib.

Azərbaycan Cümhuriyyəti dönəmində 1919-cu ilin avqust ayında Türk Dövlət Teatrı təsis edilib. Onun rəsmi açılışı isə 1919-cu il oktyabrın 24-də olub. Qulamrza Şərifzadə direktor, Zülfüqar Hacıbəyli müavin, Məhəmmədəli Sidqi teatr heyətinin vəkili təyin edilib.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Q.Şərifzadə 1921-1922-ci illərdə İrana mühacirət edib. İranda Məhəmmədəli Rəsulzadənin qurduğu Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyətində təmsil olunub. Sovet kəşfiyyatı məlumatlarına görə, İranda yaşadığı müddətdə inşaat işləri ilə məşğul olub, Rza şahla yaxın münasibəti olub. Bu münasibətə görə 1931-ci ildə Sovet təzyiqi ilə qapadılan Müsavatın Təbriz qanadının təmsilçisi Məhəmmədsadıq Xülusinin İrandan çıxarılmasının qarşısı alınıb.

Q.Şərifzadə 1930-cu illərdə də İranda fəaliyyət göstərib. ÇEKA əməkdaşı A.Quliyevin 1932-ci ilə aid bir raportunda Müsavat Partiyasının İran qanadının Tehranda yerləşdiyi və Ağabala Əlizadənin rəhbəri olduğu bildirilib. Təşkilatın idarə heyətində isə Əli bəy Şəfibəyov, Qulamrza Şərifzadə, İskəndər Şeyxzamanov, doktor Cəfərov və b. təmsil olunub.

II Dünya müharibəsi dönəmində, böyük ehtimalla Sovet qoşunlarının İrana girdiyi ərəfədə Şərifzadə Türkiyəyə gəlib. 1942-cı ildə İstanbulda vəfat edib. Fəriköy İslam məzarlığında dəfn edilib. Məzarının üzərində yazılıb: Azerbaycanlı mühendis Gulam Rıza Şerif-Zade. 1884 (Şirvan) – 1942 (İstanbul).

(Qeyd edək ki, İstanbuldakı Baş konsulluğumuz ötən il bir çox ictimai-siyasi xadimlərin məzarı ilə yanaşı onun da məzarını təmir etdirib).

Qulamrza bolşeviklərin hədəf aldıqları şəxslər arasında olub. Təsadüfi deyil ki, 1930-cu ildə Bakıda çap edilən qəzetlərin birində Azərbaycan Cümhuriyyətinin önəmli şəxsiyyətləri ilə birlikdə Şərifzadə də təhqir olunub, karikaturası çəkilib. Şərifzadəyə həsr edilmiş təhqiramiz bir şeirdə maraqlı bir hissə var:

“... İndi Tehran olmuş yurdu

Vəzifəsi ucalmışdır...”

Əgər bolşevik mətbuatı onun Tehranda yaşadığını, buradakı müsavatçıların liderlərindən biri olduğunu açıq yazırdısa, deməli, kəşfiyyat onun haqqında mühüm bilgilər toplayıb.

Qulamrzanın qardaşı Abbasmirzə Şərifzadə 1893-cü ildə Şamaxıda doğulub. İlk təhsilini evdə atasından alan Abbasmirzə 1903-cü il sentyabr ayının 21-də ikinci rus-türk məktəbinə daxil olub. Üç il burada oxuyan Şərifzadə bir ildən sonra III Aleksandr adına kişi gimnaziyasına qəbul edilib. Ancaq xəstəliyi ona təhsilini davam etdirməyə imkan verməyib. Qardaşı Qulamrza Şərifzadənin yanında ticarətlə məşğul olub, onunla birlikdə teatr tamaşalarına gedib. 1908-ci ildə Müsəlman Dram Artistləri dəstəsinin hazırladığı Molyerin “Zorən təbib” komediyasında Lal qız rolunda ilk dəfə səhnəyə çıxıb. A.Şərifzadə “Nicat”, “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı "Şərifzadə-1" (Şərifov), özü “Şərifzadə-2” yazılıb. 1917-ci il 18 oktyabrda A.Şərifzadə “Müsəlman Artistləri İttifaqı”nı yaradıb.

1919-cu ilin sentyabrında Dövlət Teatrında Mirzəbala Məhəmmədzadənin mart soyqırımından bəhs edən “Bakı uğrunda mübarizə” pyesi onun rejissorluğu ilə tamaşaya qoyulub. O, yaradıcılarından biri olduğu “Müsəlman Artistləri İttifaqı”nın 1919-cu ilin sentyabrında “Hacıbəyli qardaşları” truppası ilə birlikdə açdığı dörd şöbədən ibarət “bədaye” kurslarında müəllim kimi çalışıb. Yeri gəlmişkən, Hacıbəyli qardaşlarının teatr truppasının kollektivinin olduğu bir fotoşəkildə hər iki Şərifzadələr var.

A.Şərifzadə Sovet Azərbaycanı dönəmində mühüm uğurlara imza atsa da, repressiyanın məngənəsindən xilas ola bilməyib, 16 noyabr 1938-ci ildə güllələnib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər