1 Sentyabr 2014 20:56
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb. Bu barədə İstiqamet.com Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

BQXK 30 avqust - Beynəlxalq İtkinlər Gününü qeyd etməklə, beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin faciəsi və onların ailələrinin ağır vəziyyəti barədə daha çox məlumatlı olmağa çağırır. Dünyanın hər bir hissəsində yüz minlərlə insan silahlı münaqişə, təbii fəlakət və ya miqrasiya nəticəsində itkin düşüb. İtkin düşən hər bir şəxs özündən sonra qeyri-müəyyənlik hissindən əziyyət çəkən çox sayda insanı - xüsusilə də ailəsini qoyub gedir.

Bərdədə keçirilən anım mərasiminin açılışında Bərdə Sub-nümayəndəliyinin başçısı Nikola Lambert deyib: "BQXK hökumət orqanlarını itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq cəhdlərində dəstəkləməyə və hələ də itkinləri barədə bir xəbər gözləyən ailələrə kömək etməyə davam edir. BQXK üçün itkin ailələrinə dəstək göstərmək prioritet məsələdir və BQXK həmin ailələrin ehtiyaclarının qarşılanmasına kömək etməyə çalışır. BQXK itkin ailələrinin üzvlərindən könüllülər seçib, sosial işçi kimi işləmələri üçün onlara təlimlər keçib. Beləliklə, könüllülərin və yerli tərəfdaş QHT-lərin müvafiq qabiliyyət və bacarıqlarını artırmaqla, ailələrin yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə və onların müvafiq müəssisələrə yönləndirməklə çoxtərəfli ehtiyaclarını qarşılamağa kömək etmələrini təmin edib".

2014-cü ildə itkin düşmüş şəxslər barədə məlumat toplanılmasında yeni bir addım atılıb, yəni Azərbaycan hökuməti ilə birgə yeni layihənin pilot mərhələsinə başlanılıb. Azərbaycan hökumət nümayəndələrinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və digər tərəfdaşların iştirak etdiyi Bakıdakı anım mərasimində BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran deyib: "İtkin şəxslərin yaxın qohumlarından toplanılacaq bioloji nümunələr itkinlər barədə artıq toplanılmış ətraflı məlumatları tamamlayacaq".

Tədbir zamanı itkin düşmüş şəxslərin ailə üzvləri tədbir iştirakçıları ilə öz hekayələrini bölüşüb və ən böyük ehtiyaclarının əzizlərinin talelərinin aydınlaşdırılması olduğunu vurğulayıblar.

BQXK Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir və humanitar, neytral və bitərəf təşkilat olaraq münaqişə qurbanlarının əzab-əziyyətini yüngülləşdirməyə çalışır.


Müəllif:

Oxşar xəbərlər