16 Mart 2019 09:01
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə ildir Bakıda təşkil olunan “Hindistanın ən yaxşıları” adlı sərgi bu dəfə başqa ünvanda – Bakı İdman Sarayında keçirilir. Martın 7-dən başlayan sərginin bitməsinə cəmi 2 gün qalıb. Vaxtın azlığını nəzərə alıb yolumuzu İdman Sarayından saldıq.

Qapıdan girər-girməz qarşımızda kinolarda gördüyümüz məşhur hind bazarlarının görüntüsü canlanır, ədviyyatların, çayın qoxusu ziyarətçiləri bihuş edir.

Elə ilk stenddə nümayiş olunan düyü, onu saxlamaq üçün qabların, çayların qiyməti ilə maraqlandıq. Stenddə tərcüməçi qismində dayanan, görünüşcə hindlilərdən fərqlənməyən kişi dedi ki, çayın ən ucuzu 7 manata təklif olunur. Azərbaycanlısayağı “aşağı yeri varmı” sualımızı “Bax, orada dayanan balacaboy kişi var ha, deyir, 1 manat belə aşağı vermə” deyə cavabladı.

Satıcı çaya alıcılar tərəfindən daha çox tələbat olduğunu söylədi. Onun sözlərinə görə, hindlilər daha çox toz şəklində olan çaylardan istifadə etdiyinə görə sərgidə də məhz bu növ çaylar nümayiş olunur. Eləcə də Azərbaycanda öyrəşdiyimiz Basmati düyülərindən tamam fərqli adda düyülərin satışının şahidi olduq.

Ətrafdakı stendlərin yarısını şallar, hind örtükləri təşkil edir. Lakin bu şallar filmlərdə gördüyümüz uzun örtüklərdən fərqlənir, qısa, adi mağazadakı şərflərdəndir. Bəlkə də elə bu səbəbdəndir ki, müxtəlif növ kaşmir, ipək şərflərin, şalların sərgiləndiyi stenddə alıcılar daha çox hind geyimlərinə maraq göstərirdi.

Satıcı qeyd etdi ki, bu ipək şərflərin digər dükandakılardan fərqi materialının təmizliyindədir. Belə ki, bu şərfi əllə sıxıb açanda heç bir qırış qalmır. Satıcı üzərində müxtəlif naxışlar və fotoların əks olunduğu yataq örtüyünə daha çox maraq olduğunu dedi. O, “Pakrıval – 30 manat” elanını isə alıcıların rusdilli olması və yataq örtüyü ifadəsinin dilimizdə “pakrıval” kimi oturuşması ilə izah elədi.

Hindlilərin məşhur geyimi olan “sari”lərə gəlincə, nədənsə stendlərdə “sari”lərə az rast gəldik. Satıcılar isə 100 manat civarında təklif olunan “sari”lərə marağın böyük olduğunu dedi.

Sıxlıq həm də bijuteriya masalarında idi. 5 manatdan 30 manatadək qiyməti dəyişən bijuteriyarın əksəriyyəti müxtəlif mağazalarda satılanlardan seçilmirdi. Alıcı Bahar Əliyeva yüksək səslə qiymətin baha olduğunu və bir sıra mağazalarda sərgilənən bijuteriyaların satıldığını irad bildirdi. Satıcılar bunların Çindən Hindistana ekspert olunan mallar olduğunu söylədi.

Bəzi stendlərdə isə əl işi olan sırğalar, qolbaqlar nümayiş olunurdu. Satıcılar üzüklərin qaşlarının bürclərə görə seçilə biləcəyini vurğuladı.

Əl işləri içərisində təkcə bijuteriyalar deyil, çantalar, ayaqqabılar da vardı. Ayaqqabıların ən ucuzu 10 manata, çantalar isə ölçü və formasından asılı olmayaraq 25 manata təklif olunurdu. Ayaqqabıların bəzisində “made in İndia” qeydi olsa da, bəzisində məşhur “Adidas” brendinin adına oxşadılaraq “Ddiddss” yazılmışdı. Satıcı çarığa bənzər uşaq ayaqqabılarının artıq satılıb qurtardığını vurğuladı. Əfqanıstandan gələn satıcılardan biri 2 gün öncə işə başladığını, ölkəmizdə yaşadığı 7 il ərzində azərbaycanca artıq mükəmməl danışmağı öyrəndiyini söylədi.

Onun sözlərinə görə, ölkəmizdə əfqanların, özü də dilimizdə danışa bilənlərin sayı yetərincədir.

Sərgi salonunda gəzdikcə buxurların ətrinin ətrafa yayıldığının şahidi olduq. Nazik çubuqlardan ibarət buxur yandıranda tüstüsü ilə ətrafa xoşagələn qoxu saçır. Buxur qutuları isə 2-4 manata idi.

Hind kosmetika məhsullarına gəlincə, xına və bəzi şampunlar xaric demək olar ki, çoxu mağazalardan aldığımız məşhur markaların adı altında satılan saxta kosmetik vasitələr idi.

Diqqətçəkən məqam isə sosial elmlər üzrə müəllimin həyat yoldaşı ilə Azərbaycana üz tutan insanlardan neqativ enerjini götürdüyü iddia edən astroloq idi. Onun arxasında əyləşdiyi stenddə cadu və nəzəri insan üzərindən götürən müxtəlif boyunbağılar satılırdı. Astroloq özü 25 manat qarşılığında insanların zodiak bürcünü söyləyərək, gələcək taleyi ilə bağlı məlumatlar çatdırdığını bildirdi.

Bütün bunları görmək, real hind bazarından alış-veriş etmək istəyənlər tələsməlidir. Sərginin qurtarmağına cəmi iki gün qalıb, getməyə dəyər...

Qeyd edək ki, sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Hökuməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər