Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti hərbi hissələrdən birində keçirilən “Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak edib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər.
Nazirliyin rəhbərliyi ilə keçirilən görüşdə valideynləri maraqlandıran məsələlər müzakirə olunub və onların sualları cavablandırılıb. Əsgər valideynlərini dinləyən Müdafiə naziri bir sıra məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.
Şəxsi heyət üçün təşkil olunan bayram konsertindən sonra Müdafiə naziri hərbi qulluqçular və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar ediblər.