18 Mart 2019 22:42
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk xalqının müttəfiq dövlətlərin “Yenilməz armada”sına qarşı ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 104-cü ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Teleqraf.com xəbər verir ki, tədbirdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun əməkdaşları, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, zabitlər, müxtəlif təşkilatların əməkdaşları və sadə vətəndaşlar iştirak ediblər.

Əvvəlcə 1918-1920-ci illərdə Naxçıvanın erməni daşnakları tərəfindən işğalının qarşısının alınmasında şəhidlik zirvəsinə ucalan qəhrəman türk əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib, abidə önünə əklil qoyulub.

Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. O vurğulayıb ki, Vətəni qorumaq üçün ən çətin şəraitdə çəkinmədən canlarını fəda edən əziz şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq.

Türkiyə Silahlı Qüvvələrinin hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi, polkovnik Yusif Gündoğdu çıxışında qeyd edib ki, Birinci Dünya müharibəsi zamanı – 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta İttifaqı arasında dəniz və quru döyüşləri olub. Osmanlı ordusu ittifaq dövlətləri ilə müqayisədə sayının az, təchizat baxımından isə zəif olmasına baxmayaraq, düşmənin bütün hücumlarını dəf etməyi bacarıb. Türk ordusu bu ağır döyüşdə 253 min şəhid verib. Döyüşlərdə 3 minədək azərbaycanlı könüllü qəhrəmancasına vuruşaraq əbədiyyətə qovuşub. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.

Çıxışlardan sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər