19 Mart 2019 18:01
2 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çar Rusiyası imperatorunun Qafqaz canişini general-adyutant qr.Vorontsov-Daşkov 3 avqust 1905-ci ildə Tiflisdə azərbaycanlı mütəfəkkir, maarifçi Sultan Məcid Qənizadə haqqında aşağıdakı əmri imzalayır:

“1872-ci il Əsasnaməsi üzrə Bakı ikinci dərəcəli şəhər məktəbinin müdiri Sultan Məcid Qəniyev bu ilin 1 avqustundan Zaqafqaziya Müəllimlər seminariyası tatar şöbəsinə tərbiyəçi inspektor təyin edilir”.

Ardınca Qafqaz Təhsil Dairəsinin popeçiteli Qənizadəyə teleqram göndərib, ona canişinin əmri haqqında məlumat verir, vəzifəsi ilə bağlı məsələləri həyata keçirməsi üçün Qoriyə yola düşməsini tapşırır.

Qənizadədən öncə bu vəzifəni Smirnov həyata keçirirdi. Smirnovun İrəvan seminariyasına direktor göndərilməsindən sonra bu vəzifəyə başqasının təyin edilməsi gündəmə gəlir. Çar Rusiyasındakı 1905-ci il ab-havası yerli ziyalıların önə çəkilməsi prosesinə rəvac verdiyi üçün Qənizadə də mühüm vəzifəyə göndərilir.

***
S.M.Qənizadə 1866-cı ilin aprelində Şamaxı şəhərinin Şahpir məhəlləsində tacir ailəsində doğulub. Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçısı Firudin bəy Köçərlinin yazdığına görə, Qənizadənin dördüncü babası Ağa Məsih Şirvanidir. Qənizadə əvvəlcə Şamaxıdakı “Məclis məktəbi”ndə (bu məktəbin bütün yükü şair, maarifçi Seyid Əzim Şirvaninin üzərində idi) oxuyub, sonra təhsilini bu şəhərdə yeni açılmış üçüncü dərəcəli şəhər məktəbində davam etdirib, 1882-ci ildə buranı bitirib. Ardınca 1883-1887-ci illərdə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutunda təhsil alıb.

Onu da qeyd edək ki, məşhur pedaqoq A.O.Çernyayevski Qori Müəllimlər Seminariyasının tatar (türk) şöbəsi üçün şagirdlər toplayarkən Qənizadəni də bəyənmiş, lakin atası onu göndərməkdən imtina etmişdi.

Aleksandrovski Müəllimlər İnstitutunu bitirdikdən sonra müsəlman olduğuna görə müəllim kimi təyinatı çıxmır. 1887-ci il iyunun 20-də məzuniyyət mərasimində digər tələbələrə 300 manat pul, bir dəst kostyum, kitab hədiyyə edilib iş yerlərinə göndərilsələr də, Qənizadənin də daxil olduğu üç müsəlman tələbəyə maarif naziri qraf Delyanovun 6 oktyabr 1885-ci il tarixli əmri göstərilir. Bu əmrə görə müsəlmanlar ən zəruri hallarda ali tipli xalq məktəblərinə buraxıla bilərdilər.

Məcbur qalan Qənizadə institutda tanış olduğu Həbib bəy Mahmudbəyovla birlikdə 1887-ci il sentyabrın 2-də Bakıya gəlir. Burada da eyni vəziyyətlə qarşılaşan gənc müəllimlər özləri məktəb açmağa qərar verirlər. Sentyabrın 14-də onlar “Rus-müsəlman məktəbi”nin proqramını Bakı quberniyası-Dağıstan vilayəti Xalq Məktəbləri idarəsinə təqdim edirlər. İki gün sonra idarənin rəisi bu barədə Tiflisdəki Qafqaz Təhsil Dairəsinə məlumat verir və məktəbin açılmasına icazə qərarı çıxır. Oktyabrın 20-də gənc müəllimlər borc-xərc və xeyriyyəçi şəxslərin dəstəyi ilə Bakıda yeni tipli məktəbi aça bilirlər.

Maarifçilik fəaliyyəti ilə yanaşı Qənizadə bu illərdə ədəbiyyat sahəsində də ilk təcrübələrini ortaya qoyur, “Tülkü və Çaq-çaqbəy” (mənzum hekayə, 1894), “Məktubati-Şeyda bəy Şirvani” (1898), “Qönçə xanım” (pyes, 1891) kimi əsərlər yazır.

Eləcə də teatr sahəsində mühüm işlər görən Qənizadə 1894-cü ildə Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoyur. Bu, Azərbaycan teatr tarixində rus dramaturgiyasının gəlişinin başlanğıcı idi. Qənizadə Tolstoydan icazə alaraq 1896-cı ildə bu pyesi Azərbaycanda nəşr etdirir.

Teatr tariximizdə Qənizadənin digər bir əməyi böyük aktyor Hüseyn Ərəblinskini səhnəyə gətirməsidir. Belə ki, Ərəblinski ilk dəfə Qənizadənin rejissorluğu altında 1898-ci ildə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərinin tamaşasında mehtər Kərim rolunu oynayır.

***
Beləliklə, aldığı təhsil, ictimai, ədəbi fəaliyyəti, Bakıda təhsil sahəsində qazandığı uğurlar Qənizadəni daha da irəli gedəcəyini şərtləndirirdi. Belə bir şəraitdə Tiflis canişininin yuxarıda qeyd etdiyimiz əmri imzalanır.

Qoridəki Müəllimlər Seminariyasının tatar (türk) şöbəsinin əsas məqsədi Azərbaycanda olan ibtidai məktəblərə müəllim yetişdirmək idi. Amma buna baxmayaraq bir azərbaycanlı indiyədək bu vəzifəyə təyin edilməmişdi. Necə ki, Nəriman Nərimanov “Mühim bir məsələ. Qori seminariyası nerədə olmalı?” adlı məqaləsində Qənizadənin təyinatını görünməmiş hadisə adlandırır:

“Qori seminariyasında müsəlman şöbəsinə məşhur qeyrətli, həmiyyətli mühərrirlərimizdən Sultan Məcid Qənizadəni inspektor təyin etdi (bu, dövlət tərəfindən heç görünməyən, gözlənilməyən hərəkət!), axırda seminariyanın, Qori seminariyasının bir qeyri-müsəlman şəhərinə köçmək məsələsini araya gətirdi. İki ilin ərzində müsəlmanlar barəsində belə-belə etdiyi səhvin indi düzəlməyinə çalışdıq... Lakin kəndi xahişiləmi? Xeyr, zəmanə tələb etdi. Ana dilini bu vaxtadək lazım bilməyib onun yox olmasına çalışan dövləti bir qanlı hüriyyət indi vadar edir ki, ana dilini qeyri-dillər kimi uşaqlara vacib bilsin...”.

Nərimanov bu təyinatı həm də 1905-ci ildə başlayan rus inqilabının dolayı nəticəsi hesab edir.

Lakin buna baxmayaraq Qənizadə vəzifəsini həyata keçirərkən ciddi çətinliklərlə qarşılaşır. Seminariyanın direktoru Miropiyev ilk günlərdən Qənizadə ilə yola getmir. Bu dövrdə inqilab dalğası Qorini də bürümüşdü, hətta noyabr ayında üsyançılar seminariyanı da ələ keçirərək tələbələri öz tərəflərinə çəkə bilmişdilər. Qənizadə belə bir ağır şəraitdə fəaliyyət göstərirdi.

Qənizadə inspektor kimi türk şöbəsində fəaliyyətə başladıqda milli məsələləri gündəmə gətirdi. Türk dilində kitabların olduğu kitabxana yaratdı, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyevlə birlikdə “Övraqi-tərbiyə” adlı jurnal nəşr etmək təşəbbüsü qaldırdı. O, hətta Tiflisdəki “Qeyrət” mətbəəsinin sahibləri Cəlil Məhəmmədquluzadə və Ömər Faiq Nemanzadə ilə müqavilə də imzaladı. Lakin Qafqaz Təhsil Dairəsi buna izn vermədi. Qadağa səbəbi belə izah edildi: “Dövrü mətbuatın nəşri redaktordan gərgin və təcili iş tələb edir. Bu isə seminariyanın inspektoru və tərbiyəçisi kimi məsuliyyətli vəzifə daşıyan şəxsin qulluq işlərinə zərər verəcəkdir”.

Qənizadə seminariyada azərbaycanlı tələbələrin çox olması üçün Bakıdakı xeyriyyə cəmiyyətlərinə müraciət edir, onlardan dəstək alır. Hətta türk olmayan müsəlman xalqların – ləzgilərin, çeçenlərin, inquşların da türk şöbəsində təhsil almalarına çalışırdı. Bu isə Miropiyevlə qarşıdurmaya səbəb olurdu. Nəticədə 3 il sonra direktor Qənizadənin vəzifəsindən uzaqlaşdırılmasına nail olur.

Qənizadə buna etiraz edərək 1908-ci il iyulun 6-da Qafqaz Təhsil Dairəsinin popeçitelinin qəbulunda olur, direktorun ona qarşı irəli sürdüyü ittihamları rədd edir və haqlılığını sübut edir. Popeçitel onunla razılaşır və vəzifəsini yerinə yetirmək üçün Qoriyə dönməyi təklif edir. Lakin Qənizadə direktorla arasındakı anlaşmazlığın işləməsinə mane olacağını bildirir və geri dönmür.

Təbii ki, hökumət Qənizadə kimi maarifçini, təhsil təcrübəsi olan şəxsi kənarda qoya bilməzdi. O, Bakı-Dağıstan Xalq Məktəblərinin inspektoru təyin edilir. Qənizadə 1917-ci ilədək bu vəzifədə çalışır.

1912-ci ildə Qənizadənin pedaqoji fəaliyyətinin və “Rus-müsəlman məktəbi”nin yaranmasının 25-ci ildönümü Bakıda qeyd olunur.

1917-ci il inqilabından sonra Qənizadə siyasi fəaliyyətə başlayır, Zaqafqaziya Seyminin üzvü olur. 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi səsverməyə qoyularkən Qənizadə nədənsə bitərəf qalan iki şəxsdən biri olur. Amma buna baxmayaraq o, həmin ilin dekabrın 7-də açılan Azərbaycan Parlamentinin “İttihad” fraksiyasından üzvü olur. Hətta 1919-cu ilin avqustundan parlament sədrinin müavini vəzifəsini yerinə yetirir. Qənizadə parlamentdə ən aktiv iştirak edən şəxslərdən olub.

Qənizadə haqqında Sovet dönəmində yazılan məqalələrdə və kitablarda onun “İttihad” və qeyd olunmasa da, Cümhuriyyət Parlamentindəki fəaliyyəti dövrün ab-havasını doğru qiymətləndirməməsi kimi qeyd olunur və üzərindən sükutla keçilir. Halbuki, əksinə Qənizadə bolşeviklərin planlarını düzgün dərk etməmiş, onların mövqeyini dəstəkləməklə yanlışlığa yol verimişdi. Belə ki, 2 may 1920-ci ildə “Kommunist” qəzetində Qənizadənin məktubu dərc edilir. Qənizadə qeyd edir:

“... Mən xeyli vaxt Müsavat firqəsinin sol cinahında durub bolşeviklərlə bərabər işləməyi müdafiə edirdim... Mənim Bakıda o yolda işləməyimi hökumət məruz hesab edib keçən sənə noyabr ayında əcələ surətdə Bakını tərk etməyə məni vadar etdi. Şimdi məqsədimə nail olub özümü Müsavatdan kənar, kommunistlərlə bərabər işləməyimi elan edirəm”.

Onun bu məktubu bolşeviklər tərəfindən müsbət qarşılanır, Qənizadə yenidən təhsil sahəsindəki fəaliyyətinə qayıdır, Azərbaycan Xalq Maarif Komissarlığında inspektor vəzifəsində işə başlayır. Həmçinin bu komissarlıqda Azərbaycan türk dilində məktəblər üçün dərslik hazırlayan və nəşr edən komissiyanın sədri olur.

Qənizdə Sovet dövründə bir sıra vəzifələrdə yer alır. Lakin onun bolşeviklərin tərəfində yer alması, müxtəlif vəzifələrdə çalışması 1937-ci ilin repressiyasının cəngindən xilas edə bilmir. Onun milli maarifçi olması, həmçinin Azərbaycan Cümhuriyyəti Parlamentindəki vəzifəsi unudulmamışdı. Azərbaycan SSRİ DİXK üçlüyünün 14 mart 1938-ci il tarixli qərarı ilə o, güllələnməyə məhkum edilir.

Sonralar Azərbaycan SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasının 29 oktyabr 1956-cı il tarixli qərarı ilə Qənizadəyə bəraət verilir.

***
Şəxsi kolleksiyamızda Sultan Məcid Qənizadənin Qori Müəllimlər Seminariyasında işlədiyi müddətdə çəkilmiş orijinal fotoşəkli var. Fotonun arxasında rus dilində bu sözlər yazılıb: “Инспектор Татарского отделения Закавказского учительского семинария. С.М.Ганиев. 1.5.1908”.

Fotoşəkildəki ərəb əlifbasında, Azərbaycan türk dilində yazılmış digər bir qeyd isə belədir: “Qori şəhərində darülmüəllimin inspektoru olduğu ovqat. 1908”.

Bu cümlənin əvvəlində isə Qənizadənin imzası var.

Qaynaq:

  1. Xeyrulla Məmmədov – “Sultan Məcid Qənizadə”, Bakı, 1983
  2. Nəriman Nərimanov – “Seçilmiş əsərləri”, Bakı, 2004
  3. Sultanməcid Qənizadə - “Seçilmiş əsərləri”, Bakı, 2006


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər