19 Mart 2019 11:37
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ombudsman aparatının rəhbəri Arman Tatoyan martın 16-da yolu azaraq Ermənistan tərəfinə keçən Azərbaycan vətəndaşı, Qazax rayon sakini Elvin İbrahimova baş çəkib.

Teleqraf.com xəbər verir ki, ombudsman Elvin İbrahimovla xəstəxanada görüşüb.

Görüşdə tərcüməçi vasitəsilə Tatoyan və İbrahimov arasında söhbət olub.

Ombudsmanla söhbət zamanı İbrahimov ailə üzvləri, oğlu, atası, anası, qardaşı və bacısı ilə görüşmək və ya onlarla söhbət etmək istədiyini bildirib.

Tatoyan isə Elvinə ailəsi ilə əlaqə saxlamağa imkan yaradacağı sözünü verib.

Erməni mətbuatı əsir düşmüş Azərbaycan vətəndaşının hazırda xəstəxanada müalicə aldığını bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumatda bildirilir ki, E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər