20 Mart 2019 13:58
1 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə 1954-cü ildə yazdığı “Novruz bayramı” adlı məqaləsində qeyd edir: “Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq rəsmən qeyd olunurdu. O gün bütün millətlə bərabər dövlət müəssisələri də işləməzdi. Hökumətcə mərasim keçirilərək, ordunun rəsmi keçidi icra olunurdu”.

Rəsulzadənin də təsdiqlədiyi kimi, Azərbaycan Cümhuriyyəti dövründə Novruz bayramı rəsmi tətil elan edilmişdi.

İlk Novruz bayramının necə keçirilməsi ilə bağlı isə Nağı bəy Şeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi tarixi” adlı əsərində maraqlı bir hadisəni qeyd edib. O, böyük azərbaycanlı Hacı Zeynalabidin Tağıyevin Novruz törənində göstərdiyi səxavətdən bəhs edib:

“Azərbaycanın Milli İstiqlal dövründə ilk Novruz bayramını şəhər klubunun möhtəşəm salonunda qeyd edirdik. Xeyriyyə Cəmiyyətinin sədri vəkil Qasım Qasımzadə masasını giriş qapısına qoyduraraq gələnlərdən ianə toplayırdı. Mən də bu mərasimdə iştirak edirdim. Bir müddət sonra Hacı Zeynalabdin gəldi və cəmiyyətin sədrinin yanında oturdu. O, cəmiyyətin sədrindən kimlərin gəldiyini və nə qədər ianə verdiklərini soruşdu. Hacıdan əvvəl gələn varlılar baxdılar ki, Hacı içəri girmədi və dərhal gəlib onun bayramını təbrik etdilər. Hacı onlara: “İndi əsir deyilsiniz, müstəqilsiniz. Biz indi istiqlalımızı bütün dünyaya elan etmiş bir türk millətiyik. Təzə qurulmuş hökumətimizin vəziyyəti hələ çox ağırdır. Biz də cəmiyyətin fəaliyyətini ona görə tənzimləmək məcburiyyətindəyik ki, bütün əyər-əskiyimizi hökumət üstünə yükləməyək. Belə hesab edirəm ki, verdiyiniz pul çox azdır” dedi və qoltuğundan çek dəftərini çıxararaq: “Mən əlli min manat ianə edirəm. Bu gün burada pul verilməli deyil, çek yazılmalıdır” dedi. Hacının bu sözlərindən sonra çek dəftərləri çıxdı və çeklər yazıldı. Hacı iki saat orada qalaraq hər gələndən çek aldı”.

Tarix elmləri doktoru Mehman Süleymanov isə “Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi” adlı kitabında Azərbaycan Cümhuriyyəti Ordusunda Novruz bayramının önəminə toxunub:

“Öz mövcudluğu dövründə Azərbaycan ordusu iki dəfə Novruz bayramını qarşılamış və hər ikisini də təntənəli şəkildə keçirmişdi. Novruz bayramının qeyd edilməsi əsl bayram ovqatında həyata keçirilirdi. Hər iki bayram da qoşunların hərbi paradı ilə şəxsi heyətin yadında qalmışdı.

1919-cu ilin Novruz bayramı ərəfəsində nazirin imzaladığı əmrə əsasən şəxsi heyət üç gün dərslərdən azad edildi. Bu əmrə əsasən ümumi bayram süfrəsi açılmalı, əsgərlərin iaşəsi gücləndirilməli idi. 1920-ci ilin Novruz bayramının yadda qalan keçirilməsi üçün üç gün ərzində əsgərlərin iaşəsinə hər gün üçün əlavə 40 rublun xərclənməsinə icazə verildi.

Novruz bayramı ərəfəsində hərbi nazir mərhəmət və qayğı göstərərək cəzalandırılmış əsgərlərin günahından keçir, ya da cəzalarını azaltmaqla onlara bayram sevinci bəxş edirdi. 1919-cu ilin Novruz bayramı ərəfəsində hərbi nazir S.Mehmandarov ölüm hökmünə məhkum edilmiş 6 əsgəri əfv edərək onların cəzalarını 6 illik həbslə əvəz etdi… 1920-ci ilin Novruz bayramı ərəfəsində də hərbi nazir S.Mehmandarov əmr imzalayaraq intizam qaydasında həbs edilmiş bütün hərbi qulluqçuları azad etdi. Ancaq həmin əmrdə göstərilirdi ki. bu tələb istintaq altında olan hərbi qulluqçulara şamil edilmir…

Azərbaycan ordusunun ilk paradı 1919-cu ilin Novruz bayramında keçirildi. Parad əvvəlcə martın 22-nə planlaşdırılsa da, sonradan martın 24-nə dəyişdirildi. 1920-ci il martın 20-də Azərbaycan ordusunun qoşun hissələrinin sonuncu paradı keçirildi. Şahidlərdən biri bu paradı sonralar belə xatırlayırdı: “1920 sənəsi 22 mart Novruz bayramı münasibətilə icra edilən son rəsmi keçidi dəxi təxəttür etməmək qeyri-mümkündür. Əcaba hansı azərbaycanlı o məsud günü xatırlamır? Ordunun qabiliyyət və intizamı, mənəviyyatı təsəvvürün fövqündə idi.

Əcnəbi səfirləri az bir zamanda, vasitəsizlik içində, bu qədər münəzzəm təşkilata malik bir əsgəri-qüvvət vücuda gətirildiyinə heyran qalırdı. Əhalidən bir çoxu duyduğu fərd məhzuziyyətdən ağlayırdı. O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi. Fəqət... Fəqət. Azərbaycan ordusunun son rəsmi-keçidi idi”.

Mirzəbala Məhəmmədzadə isə Cümhuriyyət dönəmində yazdığı “Novruz - qurtuluş bayramı” adlı məqaləsində bu bayramın türklər üçün ifadə etdiyi mahiyyətə toxunub:

“Martın 21-də Azərbaycan türklüyü istiqlalının elanından sonra ikinci dəfə azad surətdə Novruz bayramı yapacaqdır… Novruz bayramı fars xalqından ötrü nə qədər təbiət bayramı isə, Türk-Turan nəslindən ötrü daha qüvvətli və daha müqəddəs milli qurtuluş bayramıdır. Tarixin bugününə təsadüf edən bir günündə əsrlərdən bəri tilsimdə qalmış türk milləti bir qurt (qurd – D.Ə) izinə düşmüş və dünyanı istila üçün Asiya steplərinə çıxmışdır. Türk xalqları qurt başını əsrlərlə tuğra, bayraq başı əlaməti surətində sərf etmişlərdi. Bugün bayramını saxladığımız “qurtuluş” kəlməsinin həmin “qurt”un adından alınma bir söz olduğunu nəzərə alsaq, Türk-Turan aləmində qurtun nə qədər müqəddəs tutulduğunu təslim etmiş oluruq”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər