Azərbaycanda mediasiya mexanizminin tətbiqi, yəni tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi və bu sahəyə nəzarətin həyata keçirilməsi məqsədilə Mediasiya Şurasının yaradılması təklif olunur.
Bu məsələ yeni hazırlanan “Mediasiya haqqında” qanunda öz əksini tapıb.
Qanun layihəsinin tətbiqi dairəsinə mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn, eləcə də cinayət işlərindən və inzibati xətalar haqqında işlərdən irəli gələn mübahisələr daxildir.
Qanun layihəsində mediator olmaq istəyən fiziki şəxslər və təşkilatlar üçün tələblər də müəyyən edilib.
Layihəyə görə, mediasiya sahəsində tənzimlənmənin və nəzarətin həyata keçirilməsi məqsədilə mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının üzv olaraq daxil olduğu Mediasiya Şurası yaradılır.
Mediasiya Şurası hüquqi şəxsdir. Şura hər 3 ildən bir mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür. Şura eyni zamanda mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir.
Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər. Mediator tərəflərdən birini üstün mövqedə qoyan və ya hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərə yol verməməlidir.
Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə prosesin müddəti daha 30 gün müddətinə uzadıla bilər.
Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır. Kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib. Layihə Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.