Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisindəki 1000 ailəlik yeni qəsəbədən sosial şəbəkə vasitəsilə yayımlanan videogörüntülərə münasibət bildirib.
Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, yeni yaşayış məhəlləsində yerləşdirilən məcburi köçkünlərdən bəzilərinin mənzillərdə mətbəx mebeli, isti su və qaz təchizatının olmaması, həmçinin sərnişin nəqliyyatının işindəki çatışmazlıq barədə müraciətləri qurumun səlahiyyətli şəxsləri tərəfindən yerində araşdırılıb: "Bu zaman məcburi köçkünlərin diqqətinə çatdırılıb ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikintisi həyata keçirilən digər yaşayış məhəllələrindəki kimi, bu kompleksdə də tam təmir edilmiş mənzillərin mətbəxi qaz plitəsi, dolab və tumba ilə təchiz olunub. Son vaxtlar məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sahibkarlıq və biznes strukturları tərəfindən inşa edilmiş bir neçə yaşayış kompleksində məhz həmin strukturların təşəbbüsü ilə xeyriyyəçilik aksiyası kimi yüngül mətbəx mebeli və digər avadanlıqlar sakinlərin istifadəsinə verilib".
Vurğulanıb ki, Abşeron rayonunun ərazisindəki 1000 ailəlik yeni yaşayış kompleksindəki mənzillərin isti su və təbii qazla təminatının olmaması isə mövcud binalarda məcburi köçkünlərin yerləşdirilməsinin hələ tam başa çatmaması ilə əlaqədardır: "Belə ki, binalar tam məskunlaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaq".
"Məcburi köçkünləri sərnişindaşıma ilə bağlı istəyi isə kompleksdən təkcə Sumqayıt şəhərinə deyil, Bakıya və digər yaşayış məntəqələrinə birbaşa gediş-gəliş imkanının yaradılması barədədir. Dövlət Komitəsi bu məsələnin də həlli üçün müvafiq qurumlara müraciət edib və həmin müraciətə müsbət cavab veriləcəyi gözlənilir. Qeyd edək ki, gün ərzində qəsəbədən Sumqayıta gediş-gəliş 12A nömrəli avtobus vasitəsi ilə həyata keçirilir", - Dövlət Komitəsindən qeyd olunub.
Xatırladaq ki, kompeksdə məcburi köçkünlərin yerləşdirilməsinə bu ilin fevral ayından başlanılıb və proses davam etdirilir.