Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olunur.
Teleqraf.com-un məlumatına görə, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" 23 mart 1997-ci il tarixli sərəncamına əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.
Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən sonra dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Belə ki, o vaxtlar Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş denikinçilərin, bolşeviklərin, ermənilərin və sair qüvvələrin təxribat-pozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyini göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı ciddi maliyyə imkansızlığı, kadr potensialının çatışmazlığı, daxili siyasi yekdilliyin olmaması, hər tərəfdən göstərilən hərbi təzyiqlər və s. bu kimi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı.
Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat qayğılarını daha da gücləndirmək məqsədilə 1919-cu il martın 26-da Ərkani-hərb (Baş Qərargah) təsis edildi. Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədilə 1919-cu il martın 28-də hərbi nazir general Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, martın 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbəyə Əməliyyat-səfərbərlik, Nizami-hesabat, Kəşfiyyat və əks-kəşfiyyat bölmələri və Rabitə xidməti daxil idi.
Erməni radikal siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qüvvələri Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı durmadan təxribatlar törətdiyindən xüsusi xidmət orqanları onlara qarşı fasiləsiz mübarizə aparırdı. Daşnaklar çirkin niyyətlərini həyata keçirmək və müstəqilliyini yenicə əldə etmiş gənc respublikada sabitliyi pozmaq üçün müxtəlif yerlərdə toplantılar keçirərək daim Azərbaycan əleyhinə təxribat və təbliğat-təşviqat işi aparırdılar. Azərbaycan milli dövlətçiliyinə qarşı erməni-daşnak təxribatçı-terrorçu təşkilatları ilə bərabər daha bir təhlükə bolşeviklər idi. 1919-cu ilin sonlarından etibarən Bakıda bolşeviklərin Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətləri daha da gücləndi.
1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı. Cəmi 23 aylıq mövcudluğuna son verdi. Bununla da, müsəlman Şərqində ilk demokratik respublika qurmağa nail olan hökumətin digər dövlət strukturları ilə yanaşı, Əksinqilabla Mübarizə Təşkilatı da fəaliyyətini dayandırmağa məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin güc strukturlarını və burada fəaliyyət göstərən əməkdaşların böyük əksəriyyətini isə sovet totalitar rejimi öz repressiya məngənəsində məhv etdi.
Zaman baxımından qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yuksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizliyi Nazirliyində və nəhayət, Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra nümayəndələri həmin mütərəqqi ənənələri inamla davam etdirib, öz xalqına, Vətəninə sədaqətlə xidmət edib. Xalqın içərisindən çıxmış və onun ağrıları ilə yaşayan bu insanlar repressiyanın baş alıb getdiyi dövrlərdə belə, imkan daxilində hər vəchlə çalışıblar ki, Azərbaycanın günahsız vətənpərvər övladlarını sovet imperiyasının qaçılmaz ölüm və sürgünlərindən xilas etsinlər.
Ötən əsrin 50-ci illərinin ortalarından etibarən şəxsiyyətə pərəstişin – stalinizmin ifşası və bununla əlaqədar repressiv aksiyalara, eləcə də siyasi terrora məruz qalmış insanların bəraət alması təhlükəsizlik orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərdi. Məhz bu dövrdən etibarən respublikanın təhlükəsizlik orqanlarında yeni ab-hava yaranmağa başladı.
Milli kadrlara belə bir ögey münasibət olduğu dövrdə xalqımızın dahi oğlu Heydər Əliyev təhlükəsizlik orqanlarının milliləşdirilməsi sahəsində çox böyük işlər görüb. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin Əks-kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq, təhlükəsizlik orqanlarının yad ünsürlərdən təmizlənməsində, milliləşmə siyasətinin aparılmasında, azərbaycanlı kadrların irəli çəkilməsində böyük cəsarət, prinsipiallıq, qətiyyət və hünər göstərib.
Məhz bu dövrdən başlayaraq, Azərbaycanda dövlət təhlükəsizliyi sistemində əhəmiyyətli işlər görülüb. Gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri olub. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Məhz bu strukturda ilk azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsinə geniş yer verildi.
Ötən əsrin 80-cı illərinin sonu 90-cı illərin əvvəllərində totalitar sovet rejiminin bilavasitə süqutuna, bu siyasi-coğrafi məkanda azadlıq mücadiləsini gücləndirərək digər respublikalara da müstəqillik və azadlıq ab-havasını gətirən Azərbaycan xalqı bədxah qonşularımız və onların havadarları tərəfindən hərbi təzyiqlərə və təcavüzə məruz qaldı. Torpaqlarımız uğrunda mübarizədə millətin qeyrətli oğul və qızları ölüm-dirim döyüşünə qalxaraq əsl fədakarlıq nümayiş etdirdilər. Vətən uğrunda müharibədə öndə gedənlərin sırasında digər hüquq-mühafizə orqanlarının dəyərli və igid mübarizləri ilə yanaşı, təhlükəsizlik orqanlarının əməkdaşları da böyük şücaətlər göstərdi, qəhrəmanlıq dastanı yaratdılar. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən təhlükəsizlik orqanı əməkdaşları şəhidlik zirvəsinə yüksəldilər. Onlardan 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.
Dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda sözün əsl mənasında müstəqilliyinin 28-ci ilini ləyaqətlə yaşayan Azərbaycan Respublikasının başlıca təməl prinsipləri olan hüquqi, demokratik, dünyəvi, konstitusion dövlət quruluşunun qorunması üzrə vəzifələrin məsuliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dərindən dərk edir. Bu vəzifələrin yerinə yetirilməsi, bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini və peşə bayramını qeyd edən Dövlət Təhlükəsizliyi Xidmətinin hər bir əməkdaşından Vətənə bağlılıq, yüksək peşəkarlıq, xidməti borca sədaqət, hədsiz fədakarlıq kimi keyfiyyətlər tələb edir.