Şübhəsiz ki, insan dünyagörüşünün inkişafı üçün kitabların yeri əvəzedilməzdir. Kimisi detektiv, kimisi siyasi, kimisi elmi, kimisi sevgi, kimisi də dini kitabları oxumağa üstünlük verir. Hər istəyə, hər zövqə uyğun kitab var və yenə də yazılır.
Oxucuların daha çox üz tutduqları kitabların əsas mövzusu sevgidir. Sevgidən bəhs edən əsərlər bütün dövrlərdə dəbdə olub. Bu səbəbdən oxucular üçün ən yaxşı sayılacaq əsərlər haqda məlumat topladıq.
Teleqraf.com ən çox bəyənilən sevgi romanlarını təqdim edir.
“Vəba günlərində eşq” – Qabriel Qarsia Markes
Əsərin qəhrəmanı kiçik yaşda gördüyü qıza aşiq olur və bu məhəbbət əlli il davam edir. Lakin o, ötən illər ərzinddə ayrı-ayrı qadınlarla sevgi macərası yaşamaqdan da çəkinmir…
“Qürur və qərəz” – Ceyn Ostin
Baş qəhrəman intellektual, boş vaxtlarında kitab oxuyan və insanlara yaxşılıq edən Elizabetdir. Darsi isə aristokrat bir ailəyə mənsub, gənc, yaraşıqlı və qürurlu biridir. Kitabın əsas süjet xətti bu iki gənc arasındakı güclü bağların olduğu, lakin önyarğılarla dolu sevginin mərkəzindən keçir.
Yazıçı önyarğının ən böyük sevgiləri də necə bitirəcəyini ustalıqla göstərir və oxucunu düşündürür.
“Səndən öncə mən” - Jojo Moyes
Əsərin baş qəhrəmanı Uill Treynorun həyatı bir qəzadan sonra tamam dəyişir. Əlil arabasına məhkum olan Uill ağır günlər keçirir, hətta intihar haqqında da düşünür.
Bundan kədərlənən ailə onunla həm dost olsun, həm də pis fikirlərdən uzaq dursun deyə Lou adlı bir qızı baxıcı kimi işə götürür.
Kitabın əsas süjetini təşkil edən sevgi hekayəsi də bununla başlayır.
“Uğultulu təpələr” – Emili Bronte
Kitab intiqam və nifrət hissləri üzərində qurulan hadisədən bəhs edir. Baş qəhrəman Hitkliff uşaqlıqda aldığı mənəvi travmalardanmı, yoxsa başqa bir səbəbdən intiqam almağa həris bir gəncdir.
Katerinaya duyduğu sevgi səbəbindən həyatı hər kəs üçün zindana çevirir. Hadisənin baş verdiyi məkan “Uğultulu təpələr” adlanan malikanədir.
İngilis ədəbiyyatının ən çox müzakirə edilən romanlarından olan “Uğultulu təpələr” sevginin də nifrət qədər dağıdıcı güc olduğu fikrini aşılayır.
“Bəyaz gecələr” – Fyodor Dostoyevski
Əəsrin baş qəhrəmanı Sankt-Peterburq küçələrində gəzərkən bir qızla tanış olur. Nastenka adlı qız da onun qədər yalnızdır.
Nastenka başqasına aşiqdir, lakin bir ildən çoxdur ondan xəbər ala bilmir. O, bu barədə romanın baş qəhrəmanına danışır. Lakin xəyalpərəst qəhrəmanımız gözlənilmədən Nastenkaya aşiq olur və sevgisini etiraf edir.
Öz sevgilisindən ümidini üzən Nastenka da ona qarşılıq verir. Lakin xoşbəxt olacaqları an Nastenkanın keçmiş sevgilisi qayıdır. Xəyalpərəst qəhrəman isə gəldiyi yerə dönür və yenə tənha qalır.
“Anna Karenina” – Lev Tolstoy
Romanın baş qəhrəmanı Anna ərli qadındır. Darıxdırıcı evlilik günlərində təsadüfən bir gənclə tanış olur.
Bütün etirazlara baxmayaraq, o, Vronski ilə duyğularla dolu məhəbbət yaşayır. Bir gün Vronski atından yıxılıb yaralanır. Sevgilisinin öldüyünü düşünən Anna bu gizli sevgi haqda həyat yoldaşına danışır.
Sevgilisinin ölmədiyindən xəbər tutunca isə, həyat yoldaşından ayrılmaq istəyir, lakin rədd cavabı alır. Buna rəğmən sevgisinə davam edən Anna onunla qaçaraq bir müddət İtaliyada yaşayır.
Geri qayıdanda isə ərinə xəyanət edən və cəmiyyət tərəfindən rədd edilmiş bir qadına çevrilir.
Roman Annanın intiharı ilə bitir.
“Böyürtkən qışı” - Sara Jio
Əsərin baş qəhrəmanı Vera bir məclisdə tanış olduğu Çarlza aşiq olur. Lakin Çarlzın ailəsi kasıb olduğu üçün Veranı qəbul etmir.
Bundan sonra hamilə olmasına baxmayaraq Vera sevgilsindən ayrılır. Rəfiqəsi Karolinanın evində yaşamağa başlayan Vera dünyaya oğul gətirir. İşləmək məcburiyyətində qalır, bir gün evə qayıdanda isə oğlunun yoxa çıxdığını görür. Polisə müraciət etsə də, oğlunu tapa bilmir. Polis uşağı axtarmaqdan imtina edir. Çarəsiz qalan Vera Çarlza xəbər verir.
Qəribə talelər, məhəbbət, sevgi, ümid, fədakarlıq və kədər kimi bir çox hissləri özündə birləşdirən roman oxucuların ən sevdikləri arasındadır.
“Məsumiyyət muzeyi” – Orxan Pamuk
Roman zəngin oğlanla kasıb qızın sevgisindən bəhs edir. Lakin Kamalın Füsuna duyğuları bəsit deyil.
Kamal uzaq qohumu Füsunla sevgi yaşamağa başlayır, lakin ailəsinin təkidi ilə başqa bir qızla nişanlanmaq məcburiyyətində qalır. Bir müddət davam edən gizli sevgiləri bir gün Füsunun görüşə gəlməməsi ilə sona çatır.
Kamal nişanı pozur və Füsunu görməyə gedir. Lakin Füsun başqasıyla evlənib. Onu mütəmadi olaarq ata-anasının evində ziyarət edən Kamal hər dəfə Füsunun bir əşyasını oğurlayaraq yığır. Beləliklə, “Məsumiyyət Muzeyi” yaranır.
“Vadidəki zanbaq” – Onore de Balzak
Əsərin baş qəhrəmanı Feliksin uşaqlıq dövrü ağır keçib. Özündən yaşca böyük, evli və uşaqlı olan Henriette adlı qadına böyük bir sevgi ilə bağlanıb. Henriette onu dost kimi qəbul etdiyi üçün bu hisslərinə qarşılıq vermir. Lakin Feliks sevgisindən imtina etmir. Böyük bir bağlarla zəngin olan sevgisi imkansızlıq və ümidsizliklə doludur.
“Əli və Nino” – Qurban Səid
Əsərin baş qəhrəmanı Əli rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncdir.
Ailəsinin müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəbdə xristian gürcü qızı Ninoya aşiq olur. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atasının xüsusən başqa dinə mənsub qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nikahı dəstəkləyir.
İki gəncin sevgisi Azərbaycanın cümhuriyyət dönəmində baş vermiş hadisələr fonunda davam edir…