Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş “İmadəddin Nəsimi və Özbək ədəbiyyatı” adlı konfrans keçirilib.
Kult.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, deputat Hikmət Babaoğlu, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Özbəkistandan gələn qonaqlar, tanınmış ədəbiyyatçılar və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sona Vəliyeva Prezident İlham Əliyevin “Nəsimi ili” ilə bağlı verdiyi sərəncamın vacibliyindən danışıb və qeyd edib ki, Azərbaycan-Özbəkistan əlaqələri türk tarixinin özü qədər qədimə dayanır:
“İllərlə bu əlaqələri kəsməyə çalışsalar da, buna nail ola bilmədilər. Nəsimi yaradıcılığının özbək ədəbiyyatına təsiri, ondan ilhamlanaraq yazan şairlərin tədqiq edilməsi bir daha sübut edir ki, bu iki mədəniyyət bir-birilə ayrılmazdır. Bu gün Nəsimi yaradıcılığına həsr olunmuş bu tədbir digər şair və yaradıcı adamlarla bağlı tədbirlərə təkan verəcək. Nəsiminin türk ədəbiyyatına təsiri danılmazdır. Nəsimi Həlac Mənsurdan sonra ilahi eşq yolunda ikinci şəhid idi”.
Akademik Möhsün Nağısoylu Nəsimi kimi şəxsiyyətlərin türk dünyasını birləşdirən bağlardan biri olduğunu deyib:
“Hər bir xalqın milliliyini yaşadan, milli kimliyini qoruyan dildir. Nəsimi sübut elədi ki, türk dili ərəb, fars dilləri ilə yanaşı gedə bilər. Nəsimi təkcə Azərbaycan ədəbiyyatının deyil, türk dünyasının zirvəsidir. Dil birbaşa insanın ruhu və təbiəti ilə bağlıdır. Nəsiminin ən böyük xidməti o oldu ki, ərəb və fars dilləri ilə yanaşı, doğma türk dilində də yazdı. Nəsimi şeiri ahəngdarlığı, səlisliyi, şirinliyi, axıcılığı ilə səslənən yeganə şair idi. Füzuli kimi bir şair əruz vəznində yazmağın çətin olmasından şikayətlənirdi. Amma Nəsimi türkcə əruzu formalaşdıra bildi”.
Nəsimini özbək dilinə tərcümə edən Tahir Qahar Azərbaycan mədəniyyət Mərkəzinin 2012-2018-ci illər arasında 60 kitab yayımladığını və Azərbaycanda mədəniyyət sahəsində böyük işlər görüldüyünü qeyd edib. O 1000 illik tarixə malik özbək ədəbiyyatında Nəsimi və hürufilikdən təsirlənərək yazan şairlərin və onların əsrlərinin xüsusi yer tutduğunu bildirib.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanov “Nəsimi yaradıcılığında insan konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.
Sonda Azərbaycan həqiqətlərini və milli mədəniyyətimizi Özbəkistanda fəal təbliğ edən şəxslərə diplomlar təqdim olunub.