Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib.
Qeyd edək ki, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı K.Əhəd də kömək edib. R.Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.
Belə ki, qoyulan depozitlərlə alınan mallar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc əldə edəcəklərmiş. Amma işlər normal getməyib və R.Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səbəbdən də depozit olaraq R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.
R.Cəfərquliyev və K.Əhəd məhkəmədə özlərini təqsirli bilmədiyini deyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə hər iki şəxsə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protestini təmin etməyib.