2 Aprel 2019 19:15
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün həqiqətən də Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Üç il öncə Azərbaycan Ordusunun igid əsgərləri erməni təxribatının qarşısını alarkən erməni hərbi qüvvələrinə öz yerini göstərməyə məcbur oldu. Həmin dövrdə Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə erməni təxribatçıları, işğalçı erməni ordusunun hissələri geri oturduldu və illərdir onların işğalı altında saxlanılan torpaqların bir qismi azad edildi.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev məhz belə tarixi günün növbəti ildönümünü hərbçilərlə bir yerdə qarşılamaqla əslində düşmənə – işğalçılara da mesaj vermiş olur:

“Bu mesaj da ondan ibarətdir ki, bəli, biz ölkə prezidenti, Ali Baş Komandandan tutmuş hər bir sıravi vətəndaşadək Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı ərazilərin düşmən işğalında qalması ilə heç vaxt barışmamışıq, barışmayacağıq. Yəni, cənab prezidentin, Ali Baş Komandanın hərbçilərlə birlikdə bu günü qeyd etməsi hərbçilərimizə əlavə mənəvi güc vermək deməkdir. Onların çətin xidmət şəraitində Ali Baş Komandanın da yanlarında olması deməkdir. Mən düşünürəm ki, cənab prezident, Ali Baş Komandan bu davranışları, bu yanaşması ilə həmişə bizim hərbçilərimizə örnək, dəstək, dayaq olub. Bundan sonra da onun bu cür davam edəcək davranışları Azərbaycan Ordusunun hamımızın gözlədiyi o möhtəşəm qələbəsini bir qədər də yaxınlaşdırmış olacaq”.

Qeyd edək ki, 2016-cı ilin bu günlərində baş vermiş aprel döyüşlərinin üçüncü ildönümü bütün ölkə miqyasında müxtəlif tədbirlərlə qeyd edilir. Prezident, Ali Baş Komandan İlham Əliyev bu əlamətdar gündə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Ali Baş Komandan hərbi qulluqçularla görüşüb və görüşdə çıxış edib. Ali Baş Komandan aprel döyüşlərinin üçüncü ildönümündən, həmçinin, ordu quruculuğundan, hərbçilərin məişət problemlərinin həll edilməsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan bəhs edib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər