5 Aprel 2019 15:12
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qadınlar tərəfindən döyülən kişilərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Proqramda Bakı şəhər sakinləri ilə sorğu aparılıb. Sakinlər deyiblər ki, əgər bu gün kişilər döyülürsə, günah onların özündədir.

Bəziləri isə burada qadınlara haqq qazandırıblar. Onlar kişilərin döyülməsini müsbət qarşılayıblar. Bir sakin isə fikrini belə izah edib: “Günahkar kişi döyülməli, günahkar qadın isə danlanmalıdır”.

Sosioloq Rəşad Əsgərov kişilərin qadınlar tərəfindən döyülməsinə münasibət bildirib:

“Bəzi ailələrdə kişilərin iş yerini itirməsi, iş tapa bilməməsi ailədə hegemonluğun, dominantlığın qadına keçməsinə gətirib çıxarır ki, bu da ailədaxili zorakılıq problemlərində kişilərə qarşı təzyiq problemlərinin artmasına, kişilərə qarşı zorakılıq hallarının genişlənməsinə gətirib çıxarır”.

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, cəmiyyət qadının döyülməsinə alışıb və buna göz yumur:

"90 faiz qadın döyüləndə deyirik ki, kişidir, əsəbləşdi, döydü. Qadının xəyanəti, qadının etdiyi şiddət daha tez gözə çarpır, çünki qadın deyəndə zəif, zərif, sakit, hər sözü udan, təmkinli, bir gözü kor, bir qulağı kar məxluq yada düşür, bu, yanlış fikirdir”.

Azərbaycan ailəsində arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da belə hallara rast gəlinir. Sosioloqlarsa rəsmi qurumları bu məsələ ilə bağlı diqqətli olmağa, bir sıra tədbirlərin görülməsinə çağırır.

Mövzu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlovaya müraciət edilib. O, danışmaqdan imtina edib.

Ümumiyyətlə, dünyada hər 100 qadından 71-i, hər 100 kişidən isə 27-si zorakılıqla üzləşir.

Azərbaycandan fərqli olaraq demək olar ki, bütün ölkələrdə kişilərin hüquqlarını müdafiə komitəsi və kişi sığınacaqları var.


Müəllif: Cabbar

Oxşar xəbərlər