Bu gün Bakı Konqres Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat verməkdir.
Tədbirin ikinci hissəsi səyahət agentlikləri, tur operator və otellərin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüşlər formatında davam etdirilib.
Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan “Bakı Kart”ın da təqdimatı keçirilib. Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.
Qeyd edək ki, 2018-ci ilin dekabrından Almaniyanın Münhen, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlarda turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.