Yazıçı Əsəd Qaraqaplan kitab satışı aksiyasına qoşulub.
Teleqraf.com-a bu barədə yazıçının özü məlumat verib.
Müəllifi olduğu kitabların satışını özü təşkil etdiyini deyən Əsəd Qaraqaplan kitab mağazalarının yerli müəlliflərə ögey münasibətindən də şikayətlənib:
“Kitab mağazaları əcnəbi yazarların kitablarını ön planda tuturlar, yerli yazarları isə rəfin görünməyən yerinə qoyurlar. Bu ögeylik məni özümdən çıxardı, mən də mağazalardakı kitablarımı yığışdırdım. İndi də kitablarımı özüm satıram”.
Yazıçı bu addımının məqsədi haqda da danışıb:
“Məqsəd kitablaşmaq, insanları yenidən kitablara yaxın etmək və kitab dükanlarının yerli yazarlara olan qərəzinə etirazdır. Yazdığımız kitablara sahib çıxmaq və bir az da gənc yazarların durumunu göstərməkdir”.
Qeyd edək ki, yazıçı kitab satışını “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında həyata keçirir.