“Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatıb. Klubun əməkdaşlarına, oyunçularına və ən əsası, azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edir və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar".
Teleqraf.com xəbər verir ki, bunu "Qəbələ"nin prezidenti vəzifəsindən istefasını şərh edən Tale Heydərov klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub: "2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır".
Klubun vitse-prezidenti Fariz Nəcəfov isə T.Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulayıb: “Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin edib. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevirib. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanıb. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik".
Tale Heydərov "Qəbələ" İdman Klubu prezidenti vəzifəsindən aprelin 10-da istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.
Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" klubu kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən iddialı komandalarından birinə çevrilib. "Qəbələ" Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqasının qrup mərhələlərinə yüksəlib.