Bir ana kimi neçə gündür özümə gələ bilmirəm. Elinanın özünü üçüncü mərtəbədən atdığı anın görüntüsü məni dəhşətə gətirdi. Onun ölümündə ən böyük günahkar 162 saylı məktəbin direktoru Sevinc Abbasovadır. Onunla eyni familiyanı daşıdığım üçün utanc duyuram. Bu vicdansız qadın bütün müəllimlərin üz qarasıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova səhifəsində 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı İnstaqramdakı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, məktəbin direktoru müəllim adına böyük ləkədir: “O vicdansızdan soruşmaq istəyirəm, siz necə ana, qadın, insansınız?! İnsanlıqdan uzaq ay vicdansız! Bir körpə qabağınızda 2 saat qıvrılır. Heçmi vicdanınız sızlamadı? Heçmi o gözəl mələyə yazığınız gəlmədi? Öz balanız 3-cü mərtəbədən düşsəydi, onu xəstəxana əvəzinə otağınıza aparardınız? O vicdansız qadın, müəllimə deyil, ana adına layiq olmayan qatil qadından soruşmaq istəyirəm, nədən o uşaq yerdə qıvrılarkən təcili yardım çağırılmadı? Hər tərəfi qırıq olan uşağı necə otağınıza gətirdiniz? Onu xəsətxanaya təcili aparmaq əvəzinə suala tutmusuz? Əgər sizin bu vicdansız hərəkətiniz olmasaydı, bu gün Elina yaşayacaqdı. 2 saat az vaxt deyil. Göz görə-görə onu ölümə tərk etdiniz. Bir ananı övladından, övladı anadan ayırdınız”.
Aktrisa vurğulayıb kii, hər ailədə problem ola bilər və hər uşaq keçid dönəmində problemlər yaşaya bilər. Aktrisanın fikrincə, müəllimlərin və rəhbərlərin ən mühüm işi onlara dəstək olmaqdır: “Çünki uşaqlarımızı onlara əmanət edirik. O balaca yavrunun ölümünə səbəb oldunuz! Üstəlik şərəfsizcə özünüzü təmizə çıxarmaq üçün bir qadın adına yaraşmayacaq şəkildə iftira atdınız. Çünki işinizi itirməkdən qorxdunuz! Çünki qorxaqsınız!”.
Məlahət Abbasova qeyd edib ki, məktəb direktorunun bir uşağın ölümünə səbəb olduğu üçün qanun qarşısında cəzasını alacağına inanır: “Dövlətimin qanunlarına, Allahın ədalətinə inanıram. Bir ailəni ağlar qoydunuz. Allah bunun intiqamını sizdən alacaq. O zaman bir ananın, atanın ürəyinə necə od saldığınızı başa düşəcəksiniz? Sizi Allaha tapşırıram”.
Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyeva özünü 3-cü mərtəbədən ataraq intihar edib.