Aprelin 12-də Heydər Əliyev Fondunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə Sumqayıt şəhər general Məhəmməd Əsədov adına İnteqrasiya təlimli internat tipli və Sumqayıt şəhər internat tipli gimnaziyaların şagirdləri FHN Akademiyasının fəaliyyəti ilə tanış olublar.
FHN-dən Teleqraf.com-a bildiriblər ki, tədbirin məqsədi gimnaziyaların şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN Akademiyasının fəaliyyəti barədə məlumatlandırılması, onlarda fövqəladə hallar orqanlarında xidmətə maraq yaradılması və peşə seçiminə kömək etmək olub.
Heydər Əliyev Fondunun nümayəndəsinin iştirakı ilə keçirilən tədbirə gimnaziyaların yuxarı sinif şagirdləri qatılıblar.
Əvvəlcə qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə Ümummilli Liderin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib, Ulu Öndərin ömür yolu barədə film nümayiş olunub.
Sonra Akademiyanın muzeyi ilə tanış olan şagirdlər Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı filmə baxıblar.
Akademiyanın konfrans zalında şagirdlərlə görüşən FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş tədbirin əhəmiyyətini vurğulayıb və şagirdlərin gələcək peşə seçimlərində bu görüşün önəmli rol oynayacağına inandığını bildirib.
Tədbirdə şagirdlərə FHN-in fəaliyyəti, strukturuna daxil olan qurumlar, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları haqqında ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Daha sonra yanğın-təlim nöqtəsində yanğınsöndürmə və xilasetmə texnikası ilə tanışlıq olub. Şərti qəzaya uğramış avtomobilin kəsilməsi və xəsarət almış şəxsin çıxarılması, eyni zamanda, şərti yanğının söndürülməsi əməliyyatlarının canlı nümayişini şagirdlər böyük maraqla qarşılayıblar. Şagirdlər kursantların alpinist divarına qalxma məşqini də izləyiblər.
Bundan əlavə, kursantların sıra hazırlığı nümayiş olunub. Şagirdlər də kursantlarla birgə hazırlıqda iştirak ediblər.
Sonra şagirdlər FHN-in İdman-sağlamlıq kompleksindəki idman zalları, müxtəlif idman qurğuları, üzgüçülük hovuzu və trenajor zalı ilə tanış olublar.
Şagirdlər tədbirin sonunda ali təhsil ocağının kursantları ilə birgə nahar ediblər.
Sonda xatirə şəkli çəkdirilib.