Prezident İlham Əliyev "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir: "2019-cu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur.
Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir".
Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.