“Baş Nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları köhnə qaydalara uyğun şəkildə yazılan soyadlara şamil olunmur. Azərbaycanın sabiq Baş Naziri Artur Rasi-Zadənin soyadı sənəddə necədirsə, elə də qalacaq. Amma Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, -zadə şəkilçisi bitişik yazılmalıdır”.
Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
O bildirib ki, əvvəllər -zadə şəkilçisi ilə bağlı bəzi mübahisələr olub: “Amma biz onun aid olduğu sözə bitişik yazılmasını təklif etdik. Çünki bəziləri bu soyad sonluğunu bitişik, bəziləri də defislə yazırdı. Artıq bundan sonra bir qayda olaraq bitişik yazılacaq. İstər Şahzadə, istər Həsənzadə, istərsə də Hüseynzadə olsun, şəkilçi olaraq sözə bitişik yazılmalıdır. Hazırda -zadə şəkilçisi ilə bitən bəzi soyadlar var ki, rəsmi sənədlərdə olduğu kimi, yəni hazırki Orfoqrafiya Normalarının qaydalarına riayət olunmayan şəkildə yazılır. Bununla bağlı gələcəkdə tənzimləmələr həyata keçirilməlidir. Biz sadəcə olaraq, xüsusi isimləri deyil, ümumi isimləri təklif etmişik. Təbii ki, -zadə şəkilçisi təkcə xüsusi isimlərə deyil, ümumi isimlərə də bitişik yazılmalıdır. Dilimizdə -zadə şəkilçisi kimi -pərvər, -xana şəkilçiləri də var. Onlar da aid olduqları sözə bitişik yazılır”./Report/