22 Aprel 2019 10:23
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bu gündən başlanılmalıdır. Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu halla rastlaşan vətəndaşlarımız palatanın yanında formalaşdırılan apellyasiya komissiyasına müraciət etməlidirlər”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, müraciət palatanın internet səhifəsin üzərindən onlayn həyata keçirilir:

“Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır. Kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımıza gəlincə, belə vətəndaşlarımız da eyni ilə apellyasiya komissiyasına müraciət etməlidirlər.

Əgər apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə o zaman növbəti addım nə ola bilər? Bu halda Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımız məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.

Güzəştlər kompensasiya məbləğindən çıxılır, hesablanmış və artıq ödənilmiş faiz və cərimlər nəzər alınacaqmı?

Qaydalara əsasən, bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil.

Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompenasiya hesablanıb, amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədiyi cərimə və faizlər nəzərə alınmır.

Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır, amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə allnmır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənizmlənməsi məqsədəuyğundur”.

Vüqar Bayramov 10 min dollardan artıq olan kreditlərə kompensasiyanın verilib-verilməyəcəyi məsələsinə də toxunub:

“Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.

Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlarımız, o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər