Azərbaycan Cümhuriyyəti tarixində Əmircan ailəsi önəmli yerlərdən birinə sahibdir. Əbdüləli bəy Əmircan və onun övladları, qohumları ötən əsrdə vətənimizin istiqlalı uğrunda mühüm işlər görüblər.
Teleqraf.com Əmircan ailəsinin üç nümayəndəsinin həyat və fəaliyyətini təqdim edir:
ƏBDÜLƏLİ BƏY ƏMİRCAN (1870, Şəki-1948, İstanbul)
Azərbaycan Cümhuriyyətinin Maliyyə naziri
Əbdüləli bəy Şirəli bəy oğlu 1874-cü ildə Şəkidə doğulub. Şəki şəhər məktəbində təhsil alıb. Ardınca Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda oxuyub, 1888-ci ildə buranı bitirib. Ardınca Moskva Universitetinin hüquq fakültəsini tamamlayıb. Şəki şəhər məktəbinə müəllim təyin edilən Əbdüləli bəy daha sonra Lənkəranda müəllim işləyib, Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirib. Bakıya gəldikdən sonra ictimai-siyasi fəaliyyətlə daha aktiv məşğul olan Əmircan burada müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləyib, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak edib, “Nəşri-maarif” cəmiyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olub. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulan Əbdüləli bəy Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olub. Azərbaycan Cümhuriyyətinin elan edilməsindən sonra Əmircan 2-ci Hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olub. Parlamentin formalaşmasından sonra bitərəflər qrupuna daxil olan Əmircan maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olub. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919 ilin ortalarında Bakıda “Dəyanət” şirkətinin təşkilində yaxından iştirak edib. Aprel işğalından (1920) sonra İstanbula mühacirət edib.
Əbdüləli bəy 1927-ci ildə mühacirətdə qurulan Azərbaycan Milli Mərkəzi katibliyinin üzvü və xəzinədarı olub. Bu dövrdə “Türk Ocaqları” M.Rəsulzadə, X.b.Sultanzadə ilə birlikdə Ə.Əmircana da ayda 75 lirə təqaüd verib.
1934-cü ildə Varşavada keçirilən konqresdə Əbdüləli bəy Milli Mərkəzdən çıxarılıb.
Əbdüləli bəy İstanbula yalnız gəlib. Daha sonra övladları Məryəm, Valiyə, Rüstəm, Fuad və Əhməd gəliblər. Amma ən kiçik övladı Murad gələ bilməyib. 1938-ci ildə Əbdüləli bəyin yoldaşı Səltənət xanım Sovet Azərbaycanından çıxa bilib. Amma bolşeviklər oğlu Muradın çıxmasına icazə verməyib. Səltənət xanım gəldikdən sonra ailə İstanbulda Cahangir səmtində yaşayıblar. Muradı isə bolşeviklər Sibirə sürgün edib. Nəhayət, 1962-ci ildə Murad izn alıb ailəsini görməyə gələ bilib. Murad 1999-2000-ci ildə vəfat edib.
Əbdüləli bəy 1948-ci ildə İstanbulda vəfat edib. Onun ölümündən sonra Səltənət xanım Azərbaycana qayıdıb, Bakıda vəfat edib. Əbdüləli bəyin qızları Məryəm və Valiyə Sovet Azərbaycanı dönəmində Bakıya və ata yurdları olan Şəkiyə gəliblər. Əmircan ailəsinin evi İstanbulda azərbaycanlıların toplaşdığı evlərdən olub. Əhməd Cəfəroğlunun “Azərbaycan Yurd Bilgisi” adlı jurnalının toplantıları onların evində olub, Əbdüləli bəy jurnala dəstək olub.
Türkiyənin “Vakit” (Vaxt) qəzetinin 2 sentyabr 1928-ci il tarixli sayında “Azərbaycanlı bir xanım” başlıqlı xəbər dərc olunub. Xəbərdə yazılıb: “Tarix şöbəsini müvəffəqiyyətlə başa vurdu. Sabiq Azərbaycan Milli Hökumətinin Maliyyə naziri Əbdüləli bəyin qızı Məryəm xanım bu il İstanbul Universiteti Ədəbiyyat Fakultəsi Tarix şöbəsini müvəffəqiyyətlə bitirib. Məryəm Əbdüləli xanım lisey təhsilini Azərbaycanda aldıqdan sonra universitetimizə daxil olmuşdur. Məryəm xanım universitetimizi bitirən ilk azərbaycanlı qızdır. Təbrik edirik, müvəffəqiyyət arzulayırıq”.
Məryəm Əmircan ailədəki 7 uşağın ən böyüyü olub. Əbdüləli bəyin oğlu Rüstəm Əmircan 1908-ci ildə doğulub, 1939-cu ildə vəfat edib. Onun məzarı Fəriköydə Nağı bəy Şeyxzamanlının məzarının yaxınlığındadır. Əmircan ailə məzarlığının başdaşında da onun adı yazılıb.
FUAD ƏMİRCAN (1911, Şəki-08.05.1995, Almaniya)
Əbdüləli bəyin oğlu Fuad Əmircan 10 yaşında ikən Türkiyəyə mühacirət edib. 1921-ci ildə İstanbulda Qalatasaray liseyinə daxil olub. Parisdə Siyasi Elmlər İnstitutunu bitirib. Almaniyada hüquqşünaslığı öyrənib, sonra Türkiyəyə qayıdıb, bir sıra türk qəzetlərində icmalçı jurnalist kimi işləyib.
F.Əmircan qəzetçiliyə 1934-cü ildə Vəlid Əbüziyanın “Zaman” qəzetində başlayıb. Daha sonra Səlim Emeçin “Son Posta”, Ethem İzzət Benicenin “Gecə Postası”, Asım Usun “Haber”, Yunus Nadinin “Cümhuriyyət” qəzetində çalışıb. 1939-cu ildə Ziyad Əbüziyanın “Təsviri-Əfkar” qəzetində Salim Sabit imzası ilə sosial, siyasi yazılar qələmə alıb.
1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. 1938-ci ildə Parisdə nəşr olunan “Qafqaz” jurnalının türk versiyasının və “Kaf dağı” (“Qafqaz”) məcmuəsinin “F.Daryal” təxəllüsü ilə redaktoru olub.
1941-ci ildə Türkiyədən Almaniyaya gedib, “Təsviri-əfkar” türk qəzetinin hərbi müxbiri işləyib. Bu dövrdə Avropada hərbi cəbhələrdə olan yeganə türk müxbir olub.
Şərq Nazirliyində yaradılmış hərbi əsirlərin işi üzrə Azərbaycan komissiyasının üzvü olub. Hərbi əsirlər düşərgəsindən azərbaycanlı Qırmızı Ordu əsgərlərinin Vermaxtın Azərbaycan legionuna daxil olmaqla azad edilməsinə yardım göstərib. 1942-ci ildə Azərbaycan legionunun “Azərbaycan” qəzetinin yaradılmasında iştirak edib. 1943-cü ilin noyabrında Azərbaycan Milli Birliyi Məclisinin üzvü seçilib. F.Əmircan 1943-1945-ci illərdə Berlində Azərbaycan irtibat heyətinin sədri Ə. Fətəlibəyli-Düdənginskinin müavini olub.
F.Əmircan müharibədən sonra Avropa Şurasının Türkiyə müxbiri olub. Uzun illər M.Rəsulzadəyə əks cəbhədə olan, onun strategiyasını qəbul etməyən F.Əmircan müharibədən sonra onun tərəfində yer alır. Legioner Məhəmməd Kəngərlinin vasitəsilə Rəsulzadə ilə əlaqə yaradır, məktublaşmalar başlayır. Rəsulzadənin F.Əmircana yazdığı 50-yə yaxın məktub Kəngərli ailəsinin arxivində saxlanılır. F.Əmircan 1953-cü ildə yenidən formalaşdırılan Azərbaycan Milli Mərkəzinə üzv olur, 9 nəfərlik icra heyəti üzvlüyünə daxil olur. 1955-1961-ci illərdə “Cordiplomat” ünvanı ilə Türkiyənin Bonndakı səfirliyində mətbuat attaşesi olaraq çalışıb. 1961-ci ildə Türkiyə Mətbuat Ümummüdirliyində işləyib, 1961-1974-cü illərdə “Almaniyanın səsi” radiosunda Türkiyə bölümünün şefi vəzifəsini daşıyıb. 1975-ci ildə radiodan təqaüdə çıxıb, xanımı professor Belma Əmircanla birlikdə Almaniyanın Badqodesberq şəhəri yaxınlığındakı evlərinə yerləşiblər. Burada yaşadığı müddətdə ürək əməliyyatı keçirib. F.Əmircan 1992-ci ildə müstəqil Azərbaycana gəlib. 1995-ci il mayın 8-də Almaniyada vəfat edib, nəşi İstanbula gətirilib.
Fuad Əmircanın Tulin adlı qızı hazırda Almaniyada yaşayır.
MƏHƏMMƏD ƏMİRCAN (1912, Bakı – 25.05.1979, Münhen)
Şəki xanları nəslindən Musa Əmircanın oğlu Məhəmməd Əmircan 1912-ci ildə Bakıda doğulub. 1932-ci ildə Türkiyəyə gəlib. “Təsviri-əfkar” qəzeti ilə əməkdaşlıq edib. İkinci Dünya müharibəsindən sonra azərbaycanlıların Türkiyəyə yerləşməsində iştirak edib. Legioner Süleyman Təkinər bu barədə yazır: “1947-ci ilin noyabr ayında 150 nəfərlik bir qafilə ilə Misirdən Anayurda (Türkiyəyə - D.Ə) gəldiyim zaman mərhumu bu işlərlə məşğul olarkən gördüm”. Təkinər Əbdüləli bəyin xanımı, legionerlərin “ana” deyə müraciət etdikləri Səltənət xanımın da bu işdə aktiv olduğunu qeyd edir.
İkinci Dünya müharibəsi illərində M.Əmircan Almaniyaya gəlir. Onun yaxın dostu, legioner, şair Alazan Baycan yazır: “Məhəmməd Əmircanla 1941-ci ildə İstanbulda tanış oldum. O zamanlar alman-rus savaşının qızğın dövrü idi, minlərlə, milyonlarla insan əsir düşərgələrində aclıqdan ölməkdə idilər. Sonralar almanlar rus olmayan başqa millətləri azad etməyə başladılar. Bu dövrdə Avropada olan ermənilər, gürcülər almanlara birləşib düşərgələrdə olan azərbaycanlıları yəhudi kimi tanıdaraq almanlar tərəfindən güllələnməsinə səbəb olurdular. Üç dost – Fuad Əmircan, Məhəmməd Əmircan və mən bu xəbərləri eşidəndə narahat olduq, nəyin bahasına olur-olsun yurddaşlarımıza kömək etmək üçün Almaniyaya getməyə qərar verdik. Məhəmməd “siz gedin, sonra pasportla gələcəyəm” dedi. Fuad və mən ölümü gözə alıb yola çıxdıq. Məhəmməd daha sonra Almaniyaya gəldi”.
M.Əmircan 1952-ci ildə Münhenə köçüb. Burada Qafqaz İstiqlal Komitəsinin quruluş konfransında Həmid Ataman, Həsən Kərbəla (Oroys), Səlim Ağasıbəylə birlikdə Məhəmməd Əmircan da Azərbaycanı təmsil edib. O, komitənin aylıq mətbuat orqanı olan “Birleşik Kafkasya” dərgisinin türkcə bölməsini idarə edib. Onun mətbuatda ən önəmli işi Sovet İttifaqını Öyrənmə İnstitutunun mətbu orqanı olan “Dergi” jurnalının yazı işləri müdiri olmasıdır. 1968-1972-ci illərdə həmin institutun elm şurasının rəhbəri olub. Onun 1965-ci ildə bu institutun təşkil etdiyi “Türküstanda milliyyətçilik” adlı millətlərarası simpoziumda “Tacikistanda milliyyətçilik” mövzusundakı çıxışı böyük maraq doğurub.
1972-ci ildə Sovet İttifaqını Öyrənmə İnstitutunun bağlanması ilə ilə Əmircan təqaüdə çıxıb. Paris Blokunda Azərbaycanın azadlığı uğrunda sonadək mübarizə aparıb.
Məhəmməd Əmircan 1979-cu il mayın 25-də Münhendə vəfat edib. Nəşi İstanbula gətirilib, iyunun 1-də Şişli məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy məzarlığında dəfn edilib.
1981-ci ildə Mədəniyyət Nazirliyi onun tərcümə etdiyi Tamurbek Devletşinin “Sovet Tatarıstanı” kitabını nəşr edib.
Qaynaq
1. Əliyev Mövsüm. Əbdüləli bəy Əmircanov. Odlar yurdu, № 24, dekabr 1989
2. İbrahimli Xaləddin. Azərbaycan mühacirət tarixi. Bakı, 2015
3. Mamulia G, Abutalıbov R. Odlar yurdu. Azadlıq və müstəqillik uğrunda mübarizədə. Bakı, 2015
4. Aghalarov Shahla. Une toile de Pénélope. IRS. No 10, 2018
5. “Vakit” gazetesi. 2 eylül, 1928
6. Kengerli Mehmet. Fuat Emircan. “Azerbaycan”, 1995
7. Tekiner Süleyman. Ünlü bir mücahidin, aziz bir dostun ardından. “Azerbaycan”, 1979
8. Baycan A. Mehmet Emircanın vefatı münasebetiyle. “Azerbaycan”, 1979