23 Aprel 2019 16:29
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda ən çox müşahidə olunan psixoloji problemlər arasında həyəcan pozuntuları üstünlük təşkil edir. Xüsusilə, yeniyetmələrdə imtahan həyəcanı çox rast gəlinən vəziyyətdir”.

Bu sözləri psixoloq Fuad Əsədov Teleqraf.com-a açıqlamasında deyib.

Psixoloq bildirib ki, insan həyəcanını idarə etməyi bacarmalıdır:

"Əgər bir insanda həyəcan problemi varsa, deməli, onda "düşüncə xətaları" adlanan bir hal var. Yəni, düzgün istiqamətdə düşünmür. Bunun səbəblərini bildikdə psixoloji cəhətdən hazırlıq görmək daha asan olur.

Səbəblər arasında birinci yeri valideyn faktoru tutur. Bütün valideynlər övladlarının təhsil almasını istəyirlər. Bunun üçün övladlarının imtahanlarda yüksək bal toplamasını arzulayırlar. Amma bəzən valideynlər bu məsələnin önəmini o qədər şişirdirlər ki, sanki həyatda ən vacib şey budur. Uşaqlarını dərs oxumağa yönləndirmək adı ilə onlara belə mesaj ötürürlər ki, imtahandan kəsilsən, artıq hər şey bitdi və bütün həyatın məhv oldu.

Bu düşüncə uşaqları dərsə kökləmir, əksinə onlara əlavə həyəcan bəxş edir, olan-qalan diqqətlərini əllərindən alır, əlavə psixoloji problemlərə səbəb olur. Buna görə də hər il imtahan dövrlərində intihar edən yeniyetmələrin sayı artır.

Hətta imtahandan kəsilən bir məktəbli intihar etməmişdən əvvəl belə bir məktub yazmışdı ki, "artıq mənim həyatımın bir mənası yoxdur".

Bu fikri onun beyninə kim salıb? Əlbəttə ki, valideynlər. Bunun əksinə uşağa başa salmaq lazımdır ki, universitetə qəbul olmaq və yüksək təhsil almaq hansı avantajlara sahibdir”

Psixoloq həmçinin bildirib ki, məktəblərin də bu məsələdə müstəsna rolu var: “Məktəblərdə uşaqları elmə həvəsləndirəcək metodikalardan istifadə edilməlidir. Uşaqlarda elmə həvəs yaransa digər məsələlər onsuz da öz həllini tapacaq. Bir uşaq kimya dərsində reaksiyaları əzbərləmək əvəzinə laboratoriyada bu reaksiyaları aparıb alınan məhsulları öz gözü ilə görsə daha, yaxşı olar.

Müəllimlər də diqqətli olmalıdırlar ki, uşaqların dərs oxumaq üçün motivi imtahandan keçmək olmasın, nəyisə öyrənmək olsun. Motiv yalnız imtahan olanda, əlbəttə, bu, həyəcana gətirəcək.

Mən həmişə demişəm ki, məktəb insanları imtahana hazırlaşdıran yer deyil, elm öyrədən yerdir. Uşaqlar anlamalıdırlar ki, onlar bu il qəbul olmasalar belə bu hər şeyin sonu deyil. Daha yaxşı hazırlaşıb gələn il yenə imtahana girə bilərlər. Bunu biləndə onlar rahatlaşacaq və imtahanlarda daha yüksək nəticə əldə edəcəklər”.

Psixoloqun sözlərinə görə, bəzən uşaqlar öz dəyərləndirməsini yanlış edir: “Məsələn, imtahan həyəcanı yaşayan yeniyetmələrdə belə bir fikir olur: "Mən ya axmağam, ya da bacarıqsızam, ona görə də imtahandan kəsiləcəyəm". Bunu ona görə deyirlər ki, sınaq imtahanlarında bir sıra uğursuzluqları olub.

Ola bilər, bəzi uşaqlara biz heç cür elmi sevdirə bilmərik. Bu zaman onların hansı sahədə potensiallı olduqlarını kəşf etməli və onları ora doğru yönləndirməliyik”.


Müəllif: Zəhra Rəsul

Oxşar xəbərlər