“Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də kommunal xidmətlər üçün müəyyənləşdirilmiş qiymət limitlərin ləğvinin mümkünlüyü məsələsidir. Vətəndaşlarımızın əksəriyyəti qış mövsümündə fərdi kombi istilik sistemindən istifadə etdiyi üçün onların aylıq mavi qaz ödənişləri əksər hallarda limiti keçir və bu da ailə büdcəsi üçün əlavə xərc deməkdir”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, Tarif Şurasının qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib:
“2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır.
Güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə ayda sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələri büdcələri üçün əlavə xərc deməkdir. Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var”.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır.
Ekspert bunu ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) özünü hasil etdiyi mavi qazın həcminin artmasıyla əlaqələndirib:
“Təbii ki, mavi qaza müəyyənləşdirilən qiymət limitin ləğv edilməsi həmçinin sosial baxımdan da əhəmiyyətlidir. Belə ki, limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət etmiş olacaq. Bütün yuxarıda qeyd etdiyimiz iqtisadi əsaslandırmanı və məsələnin sosial tərəfini nəzərə alaraq mavi qaza müəyyənləşdirilən limitin ləğvini məqsədəuyğun hesab edirik”.