İsmayıllı rayonunda “Sağlam həyat naminə erkən nikaha yox deyək” adlı layihə çərçivəsində tədbir keçirilib. Layihənin əsas məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınmasıdır.
Teleqraf.com-un məlumatına görə, Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu növ maarifləndirmə tədbirlərinin regionlarda keçirilməsinin əhəmiyyətindən söz açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında respublikada erkən nikah hallarının mövcudluğu səbəbilə yaranan fəsadlardan, problemlərdən danışıb: “Bu cür halların qarşısının alınması məqsədilə aparılan uğurlu siyasət davam etməkdədir. Komitənin bu istiqamətdə paytaxda və regionlarda mütəmadi olaraq həyata keçirdiyi müxtəlif tədbirlər var. Bütün aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmlidir”.
Çıxışlardan sonra müzakirələr zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Gülər Baxışova, rayon xəstəxanasının baş həkim Əftəndil Rəhimov, İsmayıllı rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Yaniyev Əbülfət, Komitənin nəzdində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva öz çıxışlarında erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açıb.
Valideynləri məlumatlı olmağa bu istiqamətdə maariflənməyə səsləniblər. Erkən nikah hallarının aradan qaldırılması üçün bu istiqamətdə sosial çarxların hazırlanması və mütəmadi olaraq əhalinin maariflənməsi məqsədilə televiziya kanallarında nümayiş olunması tədbir iştirakçıları tərəfindən təklif olunub.
Sonda tədbir iştirakçılarına Komitə tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılıb.
İlhamə Əbülfət