24 Aprel 2019 13:15
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının tərkibini təsdiq edib.

Himayəçilər Şurasının tərkibinə təhsil naziri, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan Himayəçilər Şurasının üzvləri müxtəlif peşə sahibləri olan nüfuzlu şəxslərdən təşkil edilir. Şuranın məqsədi elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəlməsi, ona əlavə dəstək verilməsidir.

Şura universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir.

Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək.

Xatırladaq ki, Himayəçilər Şurası dünyanın məşhur universitetlərində strateji qərarların verilməsində mühüm rol oynayır.


Müəllif: Nərgiz Cavadzadə