25 Aprel 2019 16:32
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cari ildə qoruq ərazisində aparılan işlərə dair mətbuat nümayəndələrinin iştirakı ilə ənənəvi görüş keçirib.

Teleqraf.com xəbər verir ki, ölkənin tanınmış və kifayət qədər izləyici kütləsinə malik xəbər portallarının və telekanallarının iştirakı ilə keçirilən görüşdə xüsusi tur təşkil edilib və bu cür görüşlərin qoruq idarəsi ilə mətbuat nümayəndələri arasında növbəti görüşlərdən biri olması qeyd edilib.

İlk olaraq Qoşa Qala meydanında yerləşən Zəncirli Binada fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi ziyarət edilib, iştirakçılara həm mərkəz, həmçinin nümayiş edilən sərgi barədə məlumat verilib.

Daha sonra mətbuat nümayəndələri yenidən Qoşa Qala meydanında yerləşən XVII əsrə məxsus Yeraltı Hamamı ziyarət edib, bu orta əsr memarlıq nümunəsinin xarici və daxili quruluşu, orada aparılan konservasiya işləri barədə ətraflı məlumatla tanış olublar. Eyni zamanda iştirakçılar hal-hazırda konservasiya işlərinin aparıldığı və tezliklə muzey olaraq fəaliyyətə başlayacaq Bakı Xanları Evi ilə tanış olub, abidədə aparılan yenidənqurma işlərini izləyiblər.

Son olaraq media mənsubları Kiçik Qala küçəsində, Qala divarları boyunca aparılan təmir işləri ilə tanış olub və müəyyən saytlarda, sosial şəbəkələrdə yayımlanan qərəzli və qeyri-dəqiq xəbərlərin həqiqətə uyğun olmadığını müşahidə edə biliblər.

İdarə bir daha ictimaiyyətə İçərişəhərə qarşı göstərdiyi həssas mövqeyə görə təşəkkür edib və tariximizin qorunub saxlanmasında səylərini davam etdirəcəyini bildirir.


Müəllif: Səxavət