Aprelin 25-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Daxili İşlər Nazirliyində olub.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görüşdə daxili işlər naziri general-polkovnik Ramil Usubov müstəqilliyin əldə edilməsindən sonra ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki dövlətin milli maraqlarına cavab verən əlaqələrin bu gün də bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.
Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlərdən danışıb.
Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri kimi qlobal təhlükəsizlik və terrorçuluqla mübarizə məsələsinə toxunan nazir xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdırıb, antiterror koalisiyasında yer alan dövlətimizin bu təhlükəli bəlaya qarşı birgə mübarizəyə öz töhfəsini verdiyini qeyd edib. Bildirilib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizənin kompleks və sistemli şəkildə aparılması üçün ölkəmizdə 2004-cü ildən başlayaraq üç Milli Fəaliyyət Planı icra olunub, geniş qanunvericilik bazası formalaşdırılıb. Bunun davamı kimi, cari ildə yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.
Səfir Örl Litzenberqer Azərbaycanda olduğu qısa müddətdə istər ölkə vətəndaşları, istərsə də əcnəbilər üçün yaradılmış təhlükəsiz şəraitdən, əmin-amanlıqdan məmnunluğunu ifadə edib. O, cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən terrorçuluğa, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin Birləşmiş Ştatlar tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Səfir diplomatik fəaliyyəti dövründə dövlətlərimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.