26 Aprel 2019 21:14
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan və Türkiyə tarixində önəmli rol oynamış Əhməd bəy Ağaoğlunun doğumunun 150-ci ildönümüdür. Teleqraf.com Əhməd bəyin oğlu Əbdürrəhman Ağaoğlu haqqında məqaləni təqdim edir:

***

Əhməd bəyin oğlu Əbdürrəhman Ağaoğlu 1908-ci ildə doğulub. Qalatasaray liseyində təhsil alıb. Əhməd bəy onu özünə fikir varisi olaraq görüb. Səməd Ağaoğlu xatirələrində bu barədə yazır:

“Atam Əbdürrəhmana özündən sonra fikir və siyasət həyatını davam etdirəcək oğlu kimi baxır, dostlarına da o cür tanıdır, məktublarını bu hisslə yazırdı. Atamın dostları üçün qardaşım hələ o vaxtlar böyük bir adam idi. Üstəlik atamgili bizdən ayırıb Malta adasına apardıqları zaman qardaşımın qayıqda ayağa qalxaraq “Yaşasın ittihadçılar!” deyə bağırması gələcəyin bir işarəti kimi qəbul edilmiş, bu jest uzun müddət danışılmış, Maltaya gedənlərin bəzilərinin xatirələrində də yazılmışdı”.

Səməd bəyin yazdığına görə, bu bağırtı qalanlara da, gedənlərə də güc vermişdi.

Əbdürrəhman bəy Fransada Grenoble Universitetində təhsil alıb, yüksək elektrik mühəndisi kimi məzun olub. Qısa müddət İstanbulda Silahtarağa Elektrik Şirkətində çalışıb, daha sonra sərbəst iş həyatına başlayıb. İkinci Dünya müharibəsindən sonra 1948-ci ildə Almaniya şirkətləri ilə əlaqə yaradıb, alman sənayesinin Türkiyədəki ilk təmsilçisi olub.

Əbdürrəhmanın iş həyatında yüksəlməsi dönəmi qardaşının nazirlik vaxtına təsadüf etdiyi üçün bu hal Səməd bəyə qarşı istifadə edilib, qardaşına qeyri-qanuni dəstək olduğu rəqibləri tərəfindən iddia olunub.

S.Ağaoğlu xatirələrində yazır: “1953-cü ildə Çalışma naziri olduğum dövrdə bir axşam evimdə yemək süfrəsində önəmsiz bir məsələ ətrafında mübahisə etdik. Ağzımdan onu yaralayacaq sözlər çıxdı. Vidalaşarkən yanağını uzatdı, öpmədim. Pilləkanlardan enərkən üzümə baxdı. Gözlərində hiddətli bir ələmin işıqları vardı. İki ay sonra Ankaraya gələrkən yolda birdənbirə öldü... Son ayrılıq anındakı baxışı gözlərimin önündən getmədi”.

Sürəyya Ağaoğlu isə xatirələrində qardaşını belə xatırlayırdı: “Əbdürrəhman çox gənc yaşda Grenobleyə elektrik mühəndisliyi oxumaq üçün getmişdi. Bir gün atama yazdığı məktubda “atacan, o qədər kasıblamışam ki, sevdiyim qıza çiçək də ala bilmirəm” deyirdi. Atamın bu sözlərdən çox xoşu gəldi, anamla “Nə deyirsən, xanım, oğlumuza bir az pul göndərək sevgilisinə çiçək alsınmı? deyə zarafatlaşdı. Əbdürrəhman bir il sinifdə qaldığı zaman atam onu dərhal geri çağırdı. Geri göndərməməyə qərarlı idi, amma qardaşım oxuyacağına dair çoxlu sözlər verdi və çox yaxın ailə dostumuz keçmiş Fransa səfiri, o zaman Fransanın daxili işlər naziri olan M.Sarrau Əbdürrəhmana zamin durdu; bu şərtlərlə atam onu yenidən Grenobleyə göndərdi. Təhsil alan oğluna Azərbaycan paxlavası bişirib göndərmək anamın ən böyük zövqü idi”.

Sürəyya xanım qardaşının ölümü ilə bağlı isə bunları yazır:

“1953-cü ildə ailəmiz üçün çox acı bir hadisə ilə qarşılaşdıq və təəssüf ki, bu, digər acı hadisələrin bir başlanğıcı oldu. Mən işlərim üçün Ankarada idim. Əbdürrəhman Almaniyadan yeni qayıtmışdı və “Simens”in bir layihəsində iştirak etmək üçün Ankaraya gələcəkdi. O zaman Qars deputatı olan Tezər isə 2 gün sonra Hindistana gedəcəkdi. Ankara Palasa zəng edərək mənə “Sabah axşam üçün heç kimə söz vermə, dörd uşaq bir yerdə şam edək”dedi.

Beş dəqiqə sonra Səməd zəng etdi. “Əbdürrəhman bərk xəstələnib, dərhal stansiyaya gəl” dedi.

Ağlım birdən-birə qarışdı. “Öldürüldümü” fikri beynimi qurcalayırdı. Stansiyaya çatdığım vaxt yoldaşları ilə Səməd və Tezəri İstanbul-Ankara ekspres qatarının kupesində gözləri bağlı yatan qardaşımız Əbdürrəhmanın başı üstündə gördüm. Onu itirmişdik.

Əbdürrəhmanın ölümü məni düz iki il təbəssüm belə edə bilməyəcək qədər sarsıtdı. Biz iki uşaq bir arabanın iki atı kimi idik. Əxlaq, xasiyyət, iş tərzimiz eyni idi. O, öz sahəsində çox uğur qazanmışdı. O ağır vəziyyətimdə bir tərəfdən də onun iş ortaqları ilə mübarizə aparmağa başladım. İnsanın özündən kiçik qardaşının mirasına sahib çıxması çox qorxuncdur. Buna baxmayaraq, insan hüququnu qorumağa çalışır. “Simens”dən aldığımız təzminatla İstanbul Texniki Universitetinin energetika fakültəsindən bir tələbəyə illik 5000 lirə “Əbdürrəhman Ağaoğlu təqaüdü” təsis etdik. Bu pul Səlanik Bankına qoyulurdu. Çevrilişdən sonra (Səməd Ağaoğlunun da naziri olduğu hökumətin 1960-cı il hərbi çevrilişi ilə devrilməsi – D.Ə) universitet “qazancın mənşəyi müəyyən deyil” bəhanəsi ilə bu təqaüddən imtina etdi. Bir-iki il sonra isə məktub yazıb yenidən istədilər. Cavab olaraq “Biz bu pulu qazancın mənşəyindən şübhəsi olmayan başqa bir müəssisəyə ayırdıq” yazdım. Bu pulu Uşaq Dostları Dərnəyinin Ayazağada inşa edilən internat binasının tikintisinə ayırdıq. Çevrilişdən sonra Adnan adlı bir mühəndisin “Simens” firmasına məktub yazaraq “Əbdürrəhman Ağaoğlu qardaşının nüfuzundan istifadə etdimi?” tərzində bir sorğu göndərdiyini öyrəndik. “Simens”in isə əlimizə keçən cavabı belə idi: “Əbdürrəhman Ağaoğlu müharibədən sonra bizə inanaraq bizimlə əməkdaşlıq etmək istəyən ilk insandı. Hər hansı bir nüfuzdan istifadə etmə hərəkəti qətiyyən müzakirə mövzusu deyildir”.

Əbdürrəhman haqqında mühacirətdə çap olunan “Mücahit” dərgisində də bir yazı var. İslam Çingiz adlı müəllif Əbdürrəhman bəyin Azəri Türk Tələbə Birliyinin tədbirinə bacısı Sürəyya xanımla birgə gəlməsindən bəhs edir. Müəllif Əbdürrəhman bəyi belə xatırlayırdı:

“... Türkiyə Cümhuriyyətinin güclənməsi və onun ucalması üçün canını da verməkdə tərəddüd etməyəcək qədər bağlı olduğu türk istiqlalçılığı Əbdürrəhmanda iman şəklində təcəlli etmişdi”.

Müəllif yazır ki, Əbdürrəhman tələbələrə, kimsəsizlərə, ehtiyacı olanlara mütəmadi yardım edər, əsirlikdəki türk ellərinin də xilas olacağına ümid bəsləyərdi.

Şəxsi arxivimizdə Əbdürrəhman bəyə göndərilmiş bir məktub var. Tokatın bələdiyyə rəisinin göndərdiyi bu məktub Əhməd bəy Ağaoğlunun vəfatı ilə bağlıdır. 24 may 1939-cu ildə göndərilən məktubda yazılıb:

“Çox möhtərəm Əbdürrəhman bəy. Valideyniniz olan kültür atamızın əbədiyyətə qovuşması Tokatın fikir aləmində etdiyi təsirlə yanaşı, sizi tanıyan xalq kütləsinin də kədərlənməsinə səbəb oldu. Bizi təsəlli edən cəhət mərhumun sizin kimi xalis vətənpərvər və xalis türk və eyni zamanda yetkin övladlarını millətə yetişdirmiş olmasıdır. Öz adımdan və bütün sizi tanıyan və sevən dostların adından başsağlığı verirəm”.

Şəxsi arxivimdə Əbdürrəhman bəyin vəfatı ilə bağlı Ağaoğlu ailəsinə göndərilmiş başsağlığı teleqrafları da var.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər