Beynəlxalq Telekommunikasiya İttifaqının 2010-cu ildə qəbul etdiyi qətnaməyə əsasən aprel ayının sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu tarixi gün qadınların İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) sahəsində rolunun artırılmasına dəstək vermək məqsədi daşıyır.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xanımları bu sahədə təhsil almağa təşviq etmək, mövcud karyera perspektivlərini vurğulamaq üçün silsilə tədbirlər təşkil edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilati dəstəyi ilə ilk tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilib. 70-dək məktəbli qızın iştirak etdiyi tədbirdə informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanlarından bəhs olunub.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən iştirakçılara “sahibkarlıqda ilk addımlar”,”uğurlu sahibkarlıq” və digər vacib məqamları əhatə edən məlumatlar təqdim edilib.
Eyni zamanda bu gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” adlı təlim keçirilib.
“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.
“Azercell Telekom” MMC İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşır. Qeyd edək ki, Azercell tərəfindən 2009-cu ildə yaradılan və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi xanımlar üçün informasiya texnologiyaları və sahibkarlıq mövzularını əhatə edən təlimlərin, seminarlar təşkil edilməsində fəal iştirak edir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.