2 May 2019 12:36
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kitabın bazarı olmalıdır ki, həm yazıçı, həm də nəşriyyat pul qazana bilsin. Bu sistem yaranmayınca, vəziyyət dəyişməyəcək. Digər bir məsələni də vurğulayım, iş adamları kitaba sərmayə qoymalıdır, yazarlara dəstək olmalıdırlar. Amma bizdə varlı adamlar hər şeydən gəlir götürmək istəyir”.

Yazıçı Kənan Hacı belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Nə işlə məşğulsunuz, iş problemini həll edə bildinizmi?

- Hər gün yazıram, tərcümələr edirəm, redaktə işiylə məşğul oluram, mütaliə edirəm. Bir yazıçı nə işlə məşğul olmalıdırsa, mən də o işlə məşğulam. İşlə bağlı dostlar söz verib, görək nə olur.

- İşsizlik yaradıcılığınıza təsir edirmi?

- Bəli, müsbət mənada təsir edir. Yazmağa daha çox vaxtım olur. Mən adətən, gecələr yazıram, buna görə də yuxudan çox gec oyanıram. Amma təbii ki, işlədiyim vaxtlarda da mütəmadi olaraq yaradıcılıqla məşğul olmuşam.

- Səhhətiniz necədir?

- Bu yaxınlarda həm ürəyimə görə, həm də qaraciyər və öd kisəmə görə müalicələr aldım. Əlbəttə, işsiz adamın iynə-dərman almağa pulu olmaz. Dostlar sağ olsun, kömək etdilər. Heç olmasa, ən vacib olan dərmanların yarısını ala bildim.

- Axır vaxtlar daha çox gənclərin əhatəsində görünürsünüz.

- Sözün açığı, gənclərin mənim yazılarıma marağı məni çox sevindirir. Əvvəlki kitablarımla maraqlanır, axtarıb tapır, oxuyurlar. Görüşmək ehtiyacı yaranır, görüşürük, onların içindəki ədəbiyyat eşqini görüb öz gəncliyimi xatırlayıram, dəstək olmağa çalışıram. Biz ədəbiyyata gələndə bizə belə dəstək olmayıb, dişimizlə-dırnağımızla bu yerlərə gəlib çıxmışıq. Şəxsən mənim heç bir arxam-dayağım olmayıb. Yazılarıma güvənmişəm. Bir dəfə Sabir Rüstəmxanlı mənə dedi ki, mütləq yaz, səni yazmaq xilas edəcək. Bəzən halal haqqımı verməyib, görməzdən gəliblər. İstedadı insana heç vaxt bağışlamırlar. Köhnə dostlarla bu çətin yolu birlikdə keçmişik. Ədəbiyyatın cövrü-cəfasına dözmüşük və düşünürəm ki, bizim nəsil artıq bir mərhələ kimi özünü təsdiq edib. Ortada sanballı əsərlər var. Biz yox olmadıq və bu gün də varıq.

- Bəs ədəbiyyatın əsas problemi nədir?

- Bunu dəfələrlə demişəm, yenə təkrarlayıram, bizdə kitab industriyası hələ formalaşmayıb. Bu sahədə ciddi boşluqlar var. Nə qədər ki, nəşriyyat müəlliflə müqavilə bağlayıb ona bəlli miqdarda qonorar ödəyərək əsərini çap etməyəcək, vəziyyət elə bu cür də qalacaq. Kitabın bazarı olmalıdır ki, həm yazıçı, həm də nəşriyyat pul qazana bilsin. Bu sistem yaranmayınca, vəziyyət dəyişməyəcək. Digər bir məsələni də vurğulayım, iş adamları kitaba sərmayə qoymalıdır, yazarlara dəstək olmalıdırlar. Amma bizdə varlı adamlar hər şeydən gəlir götürmək istəyir. Mənəviyyata, ədəbiyyata bazar prinsipi ilə yanaşmaq, kitabdan mənfəət güdmək olmaz.

- Yazıçılar Birliyin sədri Anar Rzayevin Elina Hacıyevanın intiharı haqda yazısı etiraz yaratdı. Sizin bu haqda fikriniz nədir, Anar öz mövqeyində, yoxsa ona etiraz edənlər haqlı idi?

- Bilirsiniz, Anar müəllimin məlum yazısından sonra tanıdığım jurnalistlərdən biri yazmışdı ki, Anar 1990-cı ildə ölkədən qaçıb getmişdi. Bu boyda yalan olmaz da. Qanlı yanvar faciəsində Anarın SSRİ Ali Sovetinin sessiyasında birbaşa Qorbaçovu ittiham edən çıxışını televiziya ilə milyonlarla insan izləyib. “Şəhidlər dağı” yazısını xatırlayın. Anarın mənəvi fikir tariximizdə danılmaz xidmətləri var. Onun qədrini hələ gələcəkdə biləcəyik. Anar müəllim hansısa bir düşməni müdafiə etməyib ki. Azərbaycan qadınını müdafiə edib. Anarın bir neçə yazarımızın, həbsdə olan jurnalistin azadlığa çıxmasında rolu olub. Onda Anar yaxşı idi, indi pisdir? Çoxları düşünə bilər ki, Anara yarınır. Mənim AYB-dən heç bir təmənnam yoxdur, biləsiniz. Üzvü olduğum təşkilatdan özümə qarşı həmişə diqqət görmüşəm. Bu məsələni qabardanların məqsədi inanın ki, Elina deyildi. Populist pozisiyadan çıxış edənlər heç vaxt həqiqətin yanında olmurlar.

- Qarşıdan AYB-nin qurultayı gəlir. Anarın namizəd olmayacağı bildirilir, sizcə, onun yerinə ən şanslı namizəd kimdir?

- Ən şanslı namizəd elə Anarın özüdür. Yazıçılar Birliyi bu gün mövcuddursa, bu ilk növbədə Anarın xidmətidir. Bu qədər.

- Yazıçı Şərif Ağayarın romanı Fransada tərcümə olunub çap olunacaq. Sizcə, dünya oxucusuna daha kimləri təqdim edə bilərik?

- Şərif usta yazıçıdır və onun Fransada romanının çap olunacağını eşidəndə qürur hissi keçirdim. Bu, həm də bizim mənsub olduğumuz ədəbi nəslin uğurudur. Mübariz Örənin, İlqar Fəhminin, Mübariz Cəfərlinin, Sərdar Aminin (romanı), Sahilə İbrahimovanın, lap gənclərdən Rəvan Cavidin, Orxan Həsəninin bədii mətnlərini arxayınlıqla dünya oxucusuna təqdim etmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər