3 May 2019 20:45
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qonaqlarını qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə A.Paşazadə Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqun qurulmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

A.Paşazadə qeyd edib ki, Azərbaycan daim bununla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir:

“Sizi ölkəmizdə görməkdən çox şadıq. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayır. Biz daim mədəniyyətlər və dinlərarası dialoqun qurulmasında fəal iştirak edirik. Qarşıda biz bir neçə beynəlxalq tədbirlərdə iştirak edəcəyik. Biz daim çalışırıq ki, dünyada dialoqun qurulmasına, sülhün və sabitliyin bərqərar olmasına öz töhfəzmizi verək”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos səmimi qarşılamaya görə öz təşəkkürünü bildirib. O qeyd edib ki, hər bir dinin öz gözəlliyi var:

“Bu gün bizim əməkdaşlığa böyük ehtiyacımız var. Görürəm ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar. Azərbaycan tolerant bir ölkədir. Mən Azərbaycan Prezidenti ilə görüşdüm və biz Sivilizasiyalar Alyansı olaraq Azərbaycanla əməkdaşlığımızı davam edəcəyik. Hesab edirəm ki, yeni təşəbbüslərin irəli sürülməsi vacib əhəmiyyət kəsb edir. Əlbəttə qarşıya qoyulan məqsədlərə çatmaq üçün biz birgə əməkdaşlıq etməliyik".

Digər qonaqlar da Azərbaycanın bu cür forumlara ev sahibliyi etməsini yüksək qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

İki gün davam edən Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər