5 Sentyabr 2014 17:11
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya praktikasında nələr varsa, tətbiq etməliyik”

“Akademik Ramiz Mehdiyevin KİV nümayəndələri ilə keçirdiyi müşavirədən sonra bütün redaksiyalar daxili iclas keçirdi və təkliflər verdi”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi müşavirədə çox mühüm məsələlər qoyulmuşdu: “Ümummilli məsələlərin işıqlandırılmasında medianın üzərinə hansı məsuliyyətin düşdüyü müzakirə olundu. Artıq həmin tədbirdən sonra bütün KİV-lərdə həmin müşavirədə qoyulan məsələlərlə bağlı iclaslar keçirildi, təkliflər hazırlandı. Redaksiyalar öz daxili iclaslarındakı təklifləri Mətbuat Şurasına çatdırdı. Biz o təklifləri ümumiləşdirəcəyik, onları qruplaşdırıb yenidən müzakirə edib müvafiq qurumlara təqdim edəcəyik”.

Ə.Amaşov vurğuladı ki, cəbhə bölgəsində yaşanan gərginlik zamanı sanki Azərbaycan jurnalistikası cəbhədə baş verən olaylara adi hadisələr kimi baxırdı:

“Qanunvericilikdə nəzərdə tutulmuş məsələlər arxada qalmışdı. Jurnalistlər də eyforiyada idi. Bəzi məqamda xəbərlər şişirdilirdi, hətta düşmən mənbələrdən alınırdı. Bunun da kifayət qədər mənfi nəticələri ola bilərdi. Düşmən qarşı tərəfdən informasiya almaq üçün ilk növbədə onun KİV-nin materiallarına əsaslanır. Bu məsələlər Mətbuat Şurasını ciddi narahat edirdi. Biz həmin müddətdə bəyanatla çıxış etdik, ayrı-ayrı redaktorlarla telefon əlaqəsi saxladıq. Avqustun 29-da hörmətli akademik Ramiz müəllimin yanında olan müşavirədən sonra sanki hər şeyə aydınlıq gətirildi. Jurnalistlər cəbhə bölgəsində olan xəbərlərə daha diqqətlə yanaşmağa başladılar. Döyüş bölgələrindən gələn xəbərlərdə dünya praktikasında nələr varsa, biz onları tətbiq etməliyik. Ya xəbərin məhdudlaşdırılması, yaxud redaksiyanın xəbəri birbaşa Müdafiə Nazirliyindən alması ciddi məsələlərdir”.

Şura sədri domen adlarının alınması prosedurunda dəyişikliyin olub-olmayacağına da aydınlıq gətirdi: “Domen adlarının alınması ilə bağlı müxtəlif təkliflər var. Onlar ümumiləşdirilməlidir və bu təkliflərin geniş müzakirəyə ehtiyacı var”.

Nərgiz


Müəllif: