"Azneft” meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb. İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi. O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, həmin oğlan Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub:
“17 yaşı var. 2017-ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Onun telefonuna zəng etsələr də, nömrə şəbəkə xidməti kənarındadır. Gənc arzu edərsə, ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək. Mən də öz köməyimi təklif etdim”.
A.Mirzəzadə Təhsil Nazirliyinə təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov sosial şəbəkə hesabında “Azneft” meydanı yaxınlığındakı yeraltı keçiddə bir uşağın popkorn satmasına etiraz edib. Onun vergidən yayındığını, qanunsuz olaraq elektrik enerjisi işlətdiyini və ətrafı pis qoxu bürüdüyünü bildirib. Nəticədə uşaq popkorn aparatı ilə birgə həmin ərazidən çıxarılıb.